İdman 11:12 09.09.2017

"Roma"nın azərbaycanlı fanatı: "Qarabağ"a təzyiq göstərəcəyik"

"Qarabağ"ın ÇL-dəki rəqiblərindən biri də "Roma"dı. 

Təbii ki, italyan nəhənginin Bakıya gəlməsi həm "Qarabağ" üçün yeni təcrübə, həm də ümumiyyətlə futbolmuz adına yaxşı haldı. Şübhəsiz, ağdamlıların yaxşı nəticə qazanması üçün futbolsevərlərimiz dəstəyini əsirgəməyəcək. Amma bir çox xarici klublar kimi Azərbaycanda "Roma"nın da fanatları var. Hətta paytaxt təmsilçisinin ölkəmizdə fanklubu da mövcuddu. Onların fəaliyyəti, və qarşıdan gələn oyuna hazırlığı ilə bağlı düşüncələri maraqlı olardı. 

Sport7.az bununla bağlı fanklubun rəhbəri Kamal Mustafa ilə danışıb. Həmin müsahibəni təqdim edirik.

- Öncə fanklubun fəaliyyəti barədə məlumat verərdiz...

- Fanklubumuz hardasa 1 ilə yaxındı yaranıb. Amma İtaliya tərəfdən rəsmiyyət almamışıq. Üzvlərimizin sayı təxminən 100-150 nəfərdi. 

- Oyunları yəqin ki, televizorlar vasitəsi ilə izləyirsiz...

- Azarkeşlərimizdən İtaliyaya gedənlər olur. Ümumilikdə birləşib publarda və ya oxşar yerlərdə oyunlara baxırıq. Konkret ofisimiz yoxdu. Amma dekabr ayına qədər ofis açmağı da planlaşdırırıq. 

- "Roma"nın gəlişinə necə hazırlaşırsız?

- İlk növbədə komandanı hava limanında qarşılayacağıq. Ardınca həm məşqlərdə, həm də oyun zamanı dəstəyimizi əsirgəməyəcəyik. 

- Qrupda paytaxt təmsilçisinin "Qarabağ"la düşdüyünü öyrənəndə yəqin ki, gözlərinizə inanmamışdız...

- Həm istəyirdik, həm də yox. İstəməməyin səbəblərini yəqin ki, bizdən yaxşı bilirsiz. Ölkə olaraq hələ buna hazır deyilik ki, bir dövlətin vətəndaşı başqa bir kluba azarkeşlik etsin. Amma yenə də çox şad olduq. Çünki sevimli komandamızı canlı görəcəyik. Elə uşaqlar var ki, ömür boyu "Roma"nı canlı izləməyib. 

- "Qarabağ"ın rəqibini dəstəklədiyiniz üçün qınaq və tənqidlərdən çəkinmirsiz?

- Belə insanlar qeyri-peşəkar və futbola aidiyyatı olmayan insanlardı. Klubların azarkeşləri bunları normal qarşılamalı və başa düşməlidilər. Bu milli deyil, klub səviyyəsində olan bir şeydi. Azarkeş ancaq öz dövlətinin komandasını dəstəkləməyə məcbur deyil. Bunu futbol adamları çox yaxşı başa düşür. Əksini düşünənlər isə futbola aidiyyatı olmayan insanlardı və sırf Çempionlar Liqasında oynadığı üçün "Qarabağ"a dəstək olacaq. "Qarabağ" azarkeşləri də bizi yaxşı başa düşür və dəstəkləyir. Təqnid edənlər var, amma onlar əsl azarkeşlər deyil. "Qarabağ"lılar bizi tənqid etmirlər. 

- İtaliyadakı oyuna da getməyi düşünürsüz?

- Romadakı oyun üçün 5-6 nəfərin getməsini planlaşdırırıq.

- Bəs Bakıdakı qarşılaşmada neçə nəfərlə iştirak edəcəksiz?

- Dəqiq deməyim, sonra yalançı olaram, amma 100-200 nəfərə yaxın azarkeşimiz gələcək.

- Bilet satışı onlayn şəkildə aparılır. Eyni sektora bilet almaq çətin deyil?

- Yox, azarkeşlərimizin əksəriyyəti artıq 306-cı sektora bilet alıb. İtaliyadan gələn "Roma" azarkeşlərinə 307-ci sektoru veriblər. Biz isə 306-da, yəni onların yanında olacağıq. İtalyan azarkeşlərlə məsləhətləşmişik və bu sektoru onların yanında olmaq üçün seçmişik. Belədə daha rahat dəstək verə bilərik. "İmarət" isə bizdən çox uzaqda, üzbəüz sektorda yer alacaq. Səhv etmirəmsə 198-ci sektoru götürüblər. Bizim yanımızda isə sıravi azarkeşlər olacaq.  

- Hansı formada dəstək verib, rəqibə təzyiqlər göstərəcəksiz?

- Təbi ki, sırf italyan dilində də şüarlarımız, plakatımız olacaq. "Qarabağ"a bacardığımız qədər təzyiq göstərəcəyik. Amma sayımız az olduğuna görə təzyiqlərin effekt verəcəyinə inanmıram. Çünki səfər oyunundayıq. Öz ölkəmiz olsa belə, rəqib meydanındayıq. Buna baxmayaraq komandamızı bacardığımız qədər dəstəkləyəcəyik. 

- Rəhbərlik bilir ki, Azərbaycanda belə fanklub var? Yəni onlarla əlaqə saxlamısız?

- Əlbəttə, əlaqəmiz də olub. Rəsmiyyət məsələsini hələ ki, özümüz istəmirik. Amma qarşıdakı bir il ərzində rəsmiləşdirməyə çalışacağıq. Əslində indi də edə bilərik. Sadəcə, müəyyən məsələlərə görə qalıb. Ümumilikdə isə "Roma"nın İtaliyadakı azarkeşləri və klubla əlaqəmiz var. 

- Rəsmilik sizə hansısa güzəştləri qazandırır?

- Elə də böyük güzəştlər yoxdu. Xüsusi tərəfi hədsiz azdı. Məsələn, biletləri qiymətindən 10 faiz ucuz ala bilərik. Başqa elə də bir şey yoxdu.Coca-Cola

Qaynarinfo.Az