Siyasət 13:04 10.06.2013

"Sərkisyan kosa ilə keçəli əvəz etməyə hazırlaşır"


Ermənistan prezidenti Serj Sərkisyanın savadsız, ziddiyyətli, həm də məntiqdən uzaq bəyanatlar müəllifi olması heç kimə sirr deyil. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O qeyd edib ki, indi bunu izah edən prizma tapıldı: "Qədim şah saraylarındakı təlxəklər eynilə bu qaydada mövqe bildirərmişlər. Azərbaycanın xalq mifologiyasında belə məzəli obrazı kosa ilə keçəl yaradırlar. Hər il Bahar bayramında onlar öz məharətlərini nümayiş etdirirlər".

Politoloq qeyd edib ki, Sərkisyan Təhlükəsizlik Şurasının son iclasında üç məsələni müzakirə etdi: "Birincisi, Rusiyanın Ermənistana satmaq istədiyi qaza təklif etdiyi qiyməti nisbətən aşağı salmaq; ikincisi, Vorotan SES-i Rusiyaya deyil, ABŞ-a satmaq. RF qazının qiymətinin qaldırılmamasına görə Ermənistanın Rusiyaya mülk verməsi vərdişi sxemdir. Məhz ona görə də dünya bazarında qazın qiyməti hər 1000 m3 üçün 450 dollar olduğu halda, RF-in Ermənistana satdığı qazın qiyməti 180 dollar idi; üçüncüsü, erməni qızlarını hərbi xidmətə çağırmaq".

Əhmədoğlu qeyd edib ki, Təhlükəsizlik Şurasının bu iclasının qərarları normal məntiqlə izah olunmur: "Lakin bu iclas Sərkisyanın 3-4 ildən sonra Azərbaycanın fiaskoya uğraması ilə əlaqədar verdiyi bəyanatla yadda qaldı. Rusiya qazı hansı qiymətə təklif edirsə, Ermənistan onu o qiymətlə almağa məcburdur; başqa alternativi yoxdur. Vorotan SES-i Rusiyanın acığına ABŞ-a satmaq daha böyük səhvdir. 30 milyon ABŞ dolları dəyərində olan bu SES-in qiymətinə ABŞ-ın 5-6 milyon dollar əlavə etməsi ab-havanı dəyişməyəcək. RF qazın qiymətini bir az da qaldıracaq. Dünya bazarında qazın minimal qiyməti 450 dollardır. RF qiyməti 440 dollara qaldıracaq".

Politoloq hesab edir ki, erməni qızlarını hərbi xidmətə göndərmək Qafqaz mentaliteti baxımından erməni kişiləri üçün şərəfsizlik, namussuzluq, qeyrətsizlikdir:

"S.Sərkisyanın təlxəkliyi o səviyyədədir ki, Azərbaycanın fiaskoya uğraması bəyanatı ilə əhalinin diqqətini belə təhlükəli məqamlardan yayındırmağa cəhd etdi. Sərkisyan hal-hazırda sosial-iqtisadi vəziyyəti günü-gündən ağırlaşan, miqrasiyanın sürəti artan Ermənistanın prezidentidir. Belə gedərsə, 3-4 aya Ermənistan dövlətinin qalıb-qalmayacağı müzakirə obyekti olacaq. Öz ölkəsinin 3-4 ay öncəsini görməyən Sərkisyan Azərbaycanın 3-4 ilini proqnozlaşdırmağa cəsarət edir. Belə təlxəklik məharətinə görə çox mümkündür ki, Azərbaycan Prezidenti kosa və keçəl rolunu ifa edən iki vətəndaşını işdən azad edib, bir vətəndaşı - Sərkisyanı təlxək vəzifəsinə təyin edəcək. Nəzərə alınmalıdır ki, Sərkisyanın təlxəkliyi ilə yanaşı tragikomikliyi də var. Ona görə də bizim bəzi teatr sahəsindəki incəsənət ocaqları da işsiz qala bilər. Mədəniyyət Nazirliyimizin bu istiqamətdə indi fikirləşməsini faydalı hesab edirik. S.Sərkisyan dünyanın nəinki ən böyük təlxəyi, həm də tragikomik aktyorudur. Bu səbəbdən erməni xalqı onun rəhbərliyi altında bu duruma düşüb".

Qaynar.info