İdman 10:28 20.03.2014

"Şeytan" qisasını aldı, "Zenit" qələbə qazansa da... - ÇEMPİONLAR LİQASI


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Qaynar.info xəbər verir ki, bu gecə 1/4 finalın son iki iştirakçısı müəyyənləşib.

Ən önəmli qarşılaşma Mançesterdə baş tutub. İngiltərənin ən böyük klublarından biri olan "Mançester Yunayted" Yunanıstan futbolunun flaqmanı "Olimpiakos"u qəbul edib. Komandalar arasında ilk matçda yunanlar 2:0 hesablı qələbə qazandığından, "qırmızı şeytanlar" "Old Trafford"da 3 top fərqi ilə qalib gəlməli idi. Premyer Liqada uğursuz çıxış edən David Moyesin yetirmələri Çempionlar Liqasında lazım olan hesablı qələbəni qazanıb - 3:0. 25-ci dəqiqədə penaltidən hesabı açan Robin van Persi ilk yarının son saniyyələrində fərqi artırıb. Holland ulduh 52-ci dəqiqədə "Mançester Yunayted"i 1/4 finala çıxaran qola imza atıb.

Digər matçda isə Dortmund "Borussiya"sı "Zenit"i qəbul edib. Tərəflər arasında Sank-Peterburqda baş tutan ilk matçda almanlar 4:2 hesablı qələbə qazanmışdı Bu səbəbdən "Zenit"in demək olar ki, 1/4 finala çıxmaq şansı yox idi. Buna baxmayaraq Rusiya təmsilçisi sonadək mübarizə aparıb, hətta qələbə də qazanıb - 2:1. Hesabı 16-cı dəqiqədə "Zenit"dən Halk açıb. 38-ci dəqiqədə Sebastian Kehl bərabərliyi təmin edib. 73-cü dəqiqədə isə Salamon Rondon matçın yekun hesabını müəyyənləşdirib. Lakin bu qələbə "Zenit"in mərhələ adlaması üçün yetərli olmayıb.

Qeyd edək ki, 1/4 finalın 6 iştirakçısı bundan əvvəl müəyyənləşib. "Barselona" "Mançester Siti"ni (2:0, 2:1), PSJ "Bayer"i (4:0, 2:1), "Bavariya" "Arsenal"ı (2:0, 1:1), "Atletiko" "Milan"ı (1:0, 4:1), "Çelsi" "Qalatasaray"ı (1:1, 2:0), "Real" isə "Şalke 04"ü (6:1, 3:1) mübarizədən kənarlaşdırıb.

Çempionlar Liqası
1/8 final
Cavab oyunları

19 mart
Mançester Yunayted (İngiltərə) - Olimpiakos (Yunanıstan) 3:0
Qollar: Robin van Persi, 25-pen; 45+1; 52.


Borussiya (Dortmund, Almaniya) - Zenit (Rusiya) 1:2

Qollar: Sebastian Kehl, 38 - Halk, 16. Salamon Rondon, 73.


Qaynar.info