Siyasət 15:41 16.05.2013

"Siyavuş Novruzovu Əli Əhmədov danışdırır" (İTTİHAM)

Maksim Musayev: "O hələ bilmir kiminlə üz-üzə gəlir..."

"Siyavuş Novruzovu mənə qarşı danışdıran Əli Əhmədovdur. Siyavuş Novruzov hələ bilmir kiminlə üz-üzə gəlir. Mən ona qayınatası Yaşar Əliyevə görə hörmət edirəm. Yaşar müəllimə böyük hörmətim var. Ona görə də Siyavuş Novruzov haqqında mənfi sözlər işlətmirəm. Amma o bilsin ki, çox şeydən məlumatsızdır. Onu Əli Əhmədov qabağa verib. Əli Əhmədovun dedikləri ilə oturub durur”.

Teleqraf.com-un məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından olan Maksim Musayev partiyanın icra katbinin müavini, millət vəkili Siyavuş Novruzovun onun barəsində səsləndirdiyi ittihamlara münasibət olaraq bildirib.

S.Novruzov "Publika.az" saytına açıqlamasında Maksim Musayevi tarixi saxtalaşdırmaqda ittiham edib. O, deyib ki, Maksim Musayevin YAP-ın yaranmasında heç bir rolu yoxdur: “Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasında Maksim Musayevin heç bir rolu yoxdur. ”91-lər" deyilən şəxslərin sırasında onun adına rast gəlinmir. O, “91-lər”dən olan Əli Əhmədov haqqında olmazın fikirlər söyləyib. Bütün bu fikirlər tamamilə səhvdir və həqiqətə uyğun deyil. Onun bu cür fikirləri YAP-a hörmətsizlik nümayiş etdirmək deməkdir. Bu yaşında Musayevə tövsiyyə etməzdim ki, bu cür səhv addımlar atsın. O müsahibəsində deyir ki, guya YAP-ın təsis konfransında cəmi 3 nəfər adam çıxış edib. Necə ola bilər axı? YAP-ın təsis konfransında Kərim Kərimov, Şirvan Əbilov və digər neçə-neçə adamlar çıxış ediblər. Maksim Musayev, axı niyə saxta və yalan çıxışlar edərək cəmiyyəti aldadırsan".

Maksim Musayev isə mətbuata açıqlamasında Siyavuş Novruzovun proseslərdən məlumatsız olduğunu deyib: “Siyavuş Novruzov cavan oğlandır. Biz YAP-ı yaradanda o harda idi axı? Mən 1992-ci ilin noyabrında Naxçıvana getmişəm. Partiyanın Siyasi Şurasının ilk üzvüyəm. Iclasda çıxış etmişəm. Mənim çıxışım noyabr ayının 22-də ”Naxçıvan" qəzetində dərc edilib. Zəng vurun Arif Rəhimzadəyə, Zahid Qaralova, Şahlar Əsgərova onlar sizə deyər, Maksim Musayevin YAP-ın yaradılmasında rolu olub ya yox. Məni orada Vasif Talıbov qarşıladı. Eldar Ibrahimov otelə apardı. Biz YAP-ın Masallı təşkilatının sədri Şirvan Əbibovla bir oteldə qaldıq. Qayıdanda da YAP-ın Yasamal təşkilatının sədri Fikrət Ismayılovla qayıtmışam. Siz onlardan soruşun desin. Mənim danışdıqlarım hamısı faktdır. Siyavuş Novruzov partiyanın tarixini bilmir. Və bu cür şeylər danışır. Bu qədər yalan olar?! Fırıldaqçılar doluşublar partiyaya, elə bilirlər ki, biz yalan danışırıq". 

Maksim Musayev “91-lər”in müraciətinə imza atmamasına da aydınlıq gətirib: “Gördüm ki, Əli Əhmədov kimilər orda var, ona görə imza atmadım. Amma bu faktdır ki, YAP-ın yaranmasında rolum olub. Heydər Əliyevi dəstəkləmişəm, indi də bu əqidəmə sadiqəm. Hətta Heydər Əliyevi dəstəklədiyimə görə o zaman məni həbs etmək istəyirdilər. O zamanki baş prokuror İxtiyar Şirinov məni prokurorluğa dəvət etmişdi. Istintaq qrupu yaratmışdılar, mən bir sutka dindirdilər. Cahangir Hüseynov bütün bunları kitabında yazıb. Isgəndər Həmidov bunları bilir.

Sadəcə indikilər bu faktları gizlətmək istəyirlər. Onlar qorxaqdırlar. Məni partiyanın tədbirlərinə dəvət etmirlər. Bilirlər ki, mən onları ifşa edəcəm. Partiyanın tarixindən də xəbərləri yoxdur. Danışıb özlərini biabır edirlər. Mən hazırda partiyanın tarixini yazıram. Onlar bax bundan qorxur"./teleqraf.com/