Ölkə 15:07 23.07.2013

"Təfəkkür"də rüşvət labirinti - ŞİKAYƏT

"Təfəkkür" Universitetinin bir neçə tələbəsi elektron ünvanımıza ali məktəbdə baş verən qanunsuzluqlara bağlı müraciət edib. 

Qaynar.info-ya daxil olan məlumata görə, universitetdə dövlət imtahanlarına görə ali məktəbin sonuncu kurslarında oxuyan bütün tələbələrdən 2000 AZN rüşvət istənilib. Bu məbləği vermək istəməyən tələbələri isə dövlət imtahalarına buraxmayıblar. Heç bir çıxış yolu tapa bilməyən tələbələr və valideynlər həmin məbləği ödəmək məcburiyyətində qalıblar. 

Onların sözlərinə görə imtahanların vaxtı da tələbələrin 2000 manatı verdiyi gündən asılıdır, yəni tələbə pulu nə vaxt verirsə, onun qiyməti də həmin gün yazılır. Tələbələrdən bu pulları isə fakültə dekanları yığır. Onlar bu pulların şəxsən rektora çatdığını deyirlər. 

Tələbələr bildirirlər ki, universitetin rektoru Müşfiq Atakişiyev məktəbdə "rüşvət labirinti" yaradıb. Ona görə də heç kəsin şikayətinə məhəl qoymur. 

Mövzu ilə bağlı "Təfəkkür" Universiteti ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info