Aydın Canıyev
Ölkə 17:36 11.03.2016

"Yeri görükən kişiyə..."

Bu yazı uzun illər Masallı rayonunun Xıl kəndində müəllimlik etmiş, rayonun sayılıb-seçilən ziyalılarından, ağsaqqallarından olan Əfruz Məmmədova ithaf olunub. 


Aydın Canıyev


Əslində, Əfruz müəllim tipində insanların yoxluğunu onların varlığı unutdurur.


Bu gün dərslər başlayır - Əfruz müəllim xatırlanır, sabah ad günüdü, yenə də Əfruz müəllim xatırlanır, birisi gün müəllimlər günüdü, o birisi gün tətil,başqa bir gün ordu günüdü, ondan sonra o bayramdı, daha sonra əlamətdar bir ay olayıdı. Bunların hamısında Əfruz müəllim xatırlanır - çünki onun dərs dediyi məktəbdə onu unutmağa qoymayan kifayət qədər əməlləriylə yanaşı, bəs qədər də yetirmələri var. Kim unudasıdı ki, necə unudasıdı ki? Və hər növbəti anım günüylə sonrakı xatırlanma arasındakı intervalda yaşanmış xoşbəxt anılar durur.


Nəymiş o anıları yaradan, yaşadan anlar?


Dara düşən, pula, elmə, nəzərdə tutulmayan, qəfil yaranan yardım ehtiyacına, hətta hüquqi-syasi dəstəyə ehtiyacı olan hər kəsin umac ünvanı Əfruz müəllimin adından keçib - 55 il bir məktəbdə müəllimlik, üstəlik də akademikdən nazirə qədər var olan dost-tanış. Üstəlik də sözünün üstündə söz, əlinin üstündə əl qoymağa bir kimsədə olmayan cəsarət. Ürəkbulandıran kimsələrin ilk vaxtlar nəyəsə "cəsarət"i ağılsızlıqlarından çatsa da, Əfruz müəllimin gücüylə "ağıllanandan sonra", təbii ki, həyat da axarına düşüb, təhsildəki problemlər də.

Əfruz müəllim nə qədər elm, təhsil adamıydısa, o qədər də həyat adamıydı. Elə bir o qədər də inanc adamıydı. Götürəndə həm də siyasət adamıydı. Bərkə düşəndə el adamıydı, eldə elə ağsaqqalıydı, ölkədən də ölkəyə elçi!


Kim unudasıdı ki? Bəlkə Gürcüstanda xilas verdiyi, ya Masallıdan Qazaxa ağsaqqallığı, bəlkə Lənkərandan Bakıya, Bakıdan Moskvayacan uzanan əli onu unutdurmağa yardımçı olacaq?


Belə kişilər unudulmur! Belə kişilərin varlığı bir anlama həyat verir: ATALIQ.


O təkcə övladlarının valideyni olmayıb ki, elə uşaqları da onu xatırlasın. O elin ağsaqqalı olub, eldə atalıq edib. Elmdə isə... hə, burda lap mərd mərdanə oturduğun yerdən bir ayağa durub bir də baş əyməyəcən alqışlanası ömür yaşayıb.


Dərs dediyi orta məktəbdə dərs dediyi sinifdə açılan riyaziyyat muzeyi hələ o əsrdən bu əsrə adlamış pedaqoqluq məharətini bu əsrdən bu gün yaşayanların hesabına gələn əsrin əvvəlincən çəkəcək. Diri insanların əməllərini diri insanlar yaşadır.


Bu kövrək sətirləri vaxtsız yazılmış saymaq düşüncəsi yersiz olar o mənada ki, qabaqdan Novruz bayramı gəlir. Əfruz müəllim bu bayramı bu məktəbdə dövlət qeyd etməyəndə belə qeyd edənlərdəndir. Hamıya bu bayramı bu məktəbdə, bu kəndin insanlarının özlərinə və övladlarına nə qədər yaşatmaq mümkün idisə, elə o qədər də öz timsalında nümayiş etdirən böyük insanlardan olub.


Təbii ki, X. Bəylərbəyov adına Xıl kənd orta məktəbində hər hansı tədbir keçirilirsə, o tədbirdə Əfruz müəllim anılır. Bu məktəbin var olmasının ən azından 55 ilində Əfruz Məmmədov adı qırmızı xətlə keçib - müəllimlər müəllimi kimi.


Bütün bayramların unudulmaz ismidi Əfruz müəllim.


Atalar bir olmur, atam balası, zalımı var, fağırı var, atasızlıqlar da bir olmur, yüngülü var, ağırı var. Atalara atasızlıq  çəkdirən atalar var, atalarını ölüncə yaşadan oğullar var bu dünyada.  Öz yerinə oğul, şagird, xələf qoyub getmiş, amma yenə də yerinin boşluğu hiss olunan,  yoxluğu unudulmayan atalar. Ən yaxşı əməllərlə anılan, xatırlanan, yaxşılıq anlayışının özüylə yaşayan kişilər. O kişilər ki, əkdikləri ağaclar bar verir, o kişilər ki, onlar "yıxılan ucalıqlar qalacaq". 


O kişilər ki, onların başdaşına  Ramiz Rövşənin bu şeiri çox yaraşır:


Rəhmət deyək min-min ağız,

Bu evi tikən kişiyə.

Kölgəsində durduğumuz 

Ağacı əkən kişiyə.


Üzükdən düşən qaş kimi,

Hasardan düşən daş kimi,

Ağızdan düşən diş kimi

yeri görükən kişiyə...


- deyəndə bunu nəzərdə tuturdum. Yaşadığı ömür qədər də yaşadıcı əməl sahibi olan atalar elə Əfruz müəllim kimi əsrdə bir dənə olur.

Bax beləcə də xatırlanır bayram ərəfəsində tamamilə yad insanlar belə doğma kimi xatırlayır, xətrini əziz tutur - eldən elə, mahaldan mahala. Day doğma ocaqda sözsüz ki, sözün də, yerin də ən alisi, ən əzizi onun adınadı... Əfruz müəllimin!


Qaynar.info