Siyasət 15:07 02.05.2013

“Qurban Məmmədovun fikirləri rasionallıqdan kənardır” -CAVAB

Edəniz Quliyev: “Məsələyə sağlam məntiqlə yanaşsaq, düzgün təklif deyil”

Vəkil Qurban Məmmədov Milli Şura ideyasının reallaşması ilə bağlı təklif verib. O, “Yeni Müsavat” açıqlamasında deyib ki, Milli Şuraya ya İsa Qəmbər, ya da Əli Kərimli rəhbərlik etməlidir: “Bu iki liderdən birinin rəhbərlik etmədiyi halda qarşıya qoyulan məqsədə çata bilməyəcək. Bu, siyasətin əlifbasıdır. Çünki beynəlxalq aləm tərəfindən, ictimaiyyət tərəfindən bu iki lider qəbul edilir. Hörmətli Rüstəm İbrahimbəyovun Milli Şuraya sədrlik eləməsi isə məqsədəmüvafiq deyil. Çünki İbrahimbəyovun sədrlik etməsi onun bir ağsaqqal, ideya müəllifi kimi üst mövqe tutmasına xələl gətirəcək, ağsaqqallıq missiyasına son qoyacaq. Ona görə də belə bir missiyanı daşıyan şəxsiyyət konkret bir qurumun sədri olmamalıdır ki, lazımi anda gənclərin qolundan tutub hamını bir masa ətrafına cəlb edə bilsin”.

Qurban Məmmədovun bu çıxışı qarşı tərəfdə narazılıqla qarşılanıb. “El” hərəkatının sədr müavini Eldəniz Quliyev Qaynar.info-ya açıqlamasında deyib ki, Milli Şuraya siyasi iddiası olmayan şəxs rəhbərlik etməlidir: “Qurban Məmmədov bilmir ki, Milli Şuraya heç siyasi iddiası olmayan şəxs başçılıq etməlidir?! Necə yəni perspektivi olmayacaq?! Qurban Məmmədov Milli Şuranın yalnız dava-dalaş ilə məşğul olmasını istəyirsə,  o zaman doğru deyib. Milli Şuranın rəhbəri prezidentliyə iddiası olmayan, hamıya eyni gözlə baxmağı bacaran şəxs olmalıdır. Qurban Məmmədovun adını çəkdiyi adamlara hörmətim var, amma onların siyasi iddiaları var. Məsələyə sağlam məntiqlə yanaşsaq, düzgün təklif deyil. Bu, onun fikridir, hörmətlə yanaşıram. Amma Qurban Məmmədovun fikirləri rasionallıqdan kənardır. Mənim qənaətim belədir”.

İlkin
Qaynar.info