İdman 18:46 15.02.2020

Qurban Qurbanov 6:0 hesablı qələbədən danışdı

"Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən çox istəkli idilər".

Qaynarinfo xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

48 yaşlı mütəxəssis bildirib ki, matçın startından yaxşı hücumları olub: "Hər şey istədiyimiz kimi alındı. Bu qədər qol olacağını düşünmürdük. Ancaq bəzən belə hallar olur. Hər bir halda, "Zirə”dən ehtiyatlanırdıq. Son oyunumuzda heç-heçə qeydə alınmışdı. İlk dəqiqələrdən hiss olundu ki, yaxşı hazırlaşmışıq. Vacib 3 xal qazandıq".

"Zirə"nin baş məşqçisi Zaur Həşimov isə bunları deyib: "Geniş danışılası bir şey yoxdu. Pis odu ki, böyük hesabla, evdə məğlub olduq. Mübarizəsiz təslim olduq. Bu, böyük problemdi. Təslim olmaq fikrimiz yoxdu, turnir cədvəlində 5-ci pillədə qərarlaşmışıq, kubokun yarımfinalındayıq. Hesaba görə nə tədbir lazımdır, komandanın daxilində görüləcək".

"Zirə"nin futbolçuları son 2 oyunda 3 qırmızı vərəqə alıb. Baş məşqçi intizamsızlığın səbəblərini belə izah edib: "Bu, ən böyük problemdi. Yəqin ki, qələbə istəyi çoxdu. Hər iki matçdan əvvəl belə söhbətimiz olub. Elə mövqedəyik ki, hər an irəli gedə və geri düşə bilərik. Bu da uşaqları təzyiq altında saxlayır. Ancaq nə olur-olsun, ona rəvac vermir ki, bu qədər çox cəzalanan olsun".

Zaur Həşimov azarkeşlərin istefa tələbi ilə bağlı bunları deyib: "Azarkeşin istefa tələb etməsi normaldı. Onlar qələbə gözləyirlər. Səhv etmirəmsə, "Zirə”də 14-cü oyunumuz idi, 4-cü dəfə uduzduq. Təslim olmayacaq və sona kimi mübarizə aparacağıq. Azarkeşlərin istefaya çağırmasını normal qəbul edirəm. Çünki qələbə gözləyirlər. Onlara deyəsi bir söz yoxdu".