İdman 22:32 22.04.2018

Qurban Qurbanov: "ÇL-də qrupa düşmək çətin olacaq"

"Öncə futbolçularımı ardıcıl 5-ci dəfə çempion olmaq münasibətilə təbrik edirəm. Bu, hər bir futbolçunun, hər klubun arzusudur. Çətin oyun oldu. Bilirdik ki, "Sumqayıt” bu oyuna ciddi hazırlaşacaq. Oyunçularımda həyəcan var idi, amma bu da normal haldı. Samir Abasov və komandasına uğurlar arzulayıram”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri "Sumqayıt"la oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi 1:0 hesablı qələbə qazandıqları oyundan sonra keçirdiyi mətbuat konfransında qarşıdakı 4 turda tam heyətlə oynayacaqlarını bildirib: "Bütün oyunlara tam heyətlə hazırlaşacağıq. Amma ola bilər ki, hansısa futbolçuya 1-2 oyun şərait yaradım. Elə oyunçular var ki, az da olsa istirahətə ehtiyacı var. Amma qarşıdakı oyunlara tam ciddi hazırlaşacağıq".

Qurbanov "Erkən çempionluq sizin xeyrinizə olacaq, ya ziyanınıza? Nəzərə alsaq ki, qarşıdan Avrokuboklar gəlir, komanda formadan düşməyəcək" sualına belə cavab verib: "Futbolçularımın bəziləri neçə illərdi ki, fasiləsiz oynayırlar, çempionluqlar əldə edirlər. Məni əsas narahat edən onların fiziki yorğunluqları deyil, loru dildə desək uğurlardan sonra "çaşmaq” ehtimallarıdı. Səviyyəsindən asılı olmayaraq bütün çempionluqlar hamı üçün şirindi. Mən hər zaman deyirəm ki, uğur qazandıqdan sonra məsuliyyət daha da artır. Bunu hər bir oyunçu da dərk eləsə, inanmıram ki, neqativ nəsə hal yaşansın. Daha əvvəl də bu cür situasiya ilə qarşılaşmışıq".

Baş məşqçi komandasına  5-ci çempionluqdan sonra "5"dən artıq qiymət vermək istəmir: "5”dən artıq qiymət verməyəcəm. Hər birini təbrik edirəm, amma əsas məsələ bundan sonrakı proseslərdi. Bu balansı, stabilliyi saxlamağı bacarmalıyıq".

Mütəxəssis Çempionlar Liqası barədə də fikir bildirib: "Reqlamentdəki dəyişikliklərdən sonra qrupa düşmək çətin olacaq. Amma biz turnirdən əvvəl komandanı tam formalaşdırmağa çalışacağıq və ciddi hazırlıq keçəcəyik".

Qurban transferlərlə bağlı da danışıb: "Biz bu hazırlıqları bütün il boyu edirik. Dəfələrlə demişəm, mən həmişə istəyirəm ki, komandaya hər il bir və ya iki yeni oyunçu gəlsin. Ehtiyac var və işlər gedir".