İdman 23:00 23.03.2018

Qurban Qurbanov: "Lazım olsa, Rəşadı yığmaya qaytaracağıq"

"İstəməzdim məğlub olaq. Ancaq nə qədər tez məğlub olsaq, bir o qədər tez səhvləri düzəldərik. Ümumilikdə oyundan razı qaldım. Qol epizodlarımız oldu. Uşaqları da başa düşürəm. Həyəcanlı idilər. Qarşıdakı oyunlar bundan da çətin olacaq. Azarkeşlərimizə də bizə dəstək olduqları üçün minnətdaram".
 
Qaynarinfo xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib.

Yoldaşlıq oyununda Belarusla qarşılaşan yığmamız 0:1 hesablı məğlubiyyətə üzülüb. Matç başa çatdıqdan sonra mətbuat konfransı keçirən Qurbanov millidə debüt edən futbolçulardan razı qaldığını bildirib: "Hamısının çıxışından razı qaldım. Onlara nə tapşırmışdımsa, yerinə yetirdilər. İlk növbədə, nəticədən razı qalmadım. İkinci isə təkbətək mübarizələrdə möhkəm olmalıyıq. Bunun üzərində işləməliyik".

Qurbanov millinin müdafiə futbolu oynaması barədə fikirlərlə razılaşmayıb: "Müdafiə futbolu oynamadıq. Məsələn, 85-ci dəqiqədə futbolçulara küncdən zərbəni o cür yerinə yetirməyi tapşırmamışdım. Hətta qapıçı meydançasına kimi topla rahat gedirdik. Rəqib də yaxşı müdafiə olunurdu. Biz həmişə çalışmışıq ki, müdafiədən hücuma rahat keçək. Top rəqibin cərimə meydançasına gedib çıxırsa, bu, müdafiədən hücuma çıxmaq deməkdi".

Baş məşqçi Rəşad Sadıqova əvəzləyici axtarmadığını deyib: "Rəşad hələ oynayır. Əvəzləyici axtarıram desəm, düz çıxmaz. Lazım olsa, Rəşadı yenidən yığmaya qaytaracağıq. Cəzalar, zədələr olur. Buna ehtiyac yarana bilər".

Qurbanov "Rəşad Sadıqov çox yüklənməsi uğursuzluğa səbəb ola bilər. Bu barədə nə deyə bilərsiz" sualına belə cavab verib: "Asanlıqla lider olunmur. O, öz işinə çox diqqət ayırırsa, liderliyə yüksəlir. Biz bilsək ki, Rəşadın buna gücü çatmayacaq, ondan bunu tələb etməzdik. Uğursuzluqdan qorxsaq, bura gəlməzdik. Heç bir lider ancaq uğur barədə düşünmür. O, uğursuzluğu da göz önünə gətirir. İdmandı, uğur da olar, uğursuzluq da. Bilsəm ki, nədənsə qorxacam, futbola nifrət edəcəm, bu işlə məşğul olmaram. 4-5 il uğur qazanırıq, sonra uğursuzluqla üzləşriksə və etimadı itiririksə, işləməyə dəyməz".