İdman 11:50 03.11.2017

Qurban Qurbanov millidəki əsas hədəfləri açıqladı

"Rövnəq Abdullayevə və İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm. Futbolçu olanda da milliyə can atırsan, məşqçi olanda da. Hər bir məşqçinin arzusu yığmada işləməkdi. Bu inamı mənə göstərdiyi üçün hər birinizə təşəkkür edirəm". "Qaynarinfo" xəbər verir ki, bu sözləri milli komandanın baş məşqçisi təyin olunan Qurban Qurbanov deyib.

AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlama verən Qurbanov fikirlərini bildirib: "Azarkeşlər daha yaxşı nəticə istəyir. Bu, mənim üçün böyük məsuliyyətdir. Bu, bir ayın, bir ilin işi deyil. Uzun bir proqramımızı olacaq. Pillə-pillə irəli getməliyik. Bir azərbaycanlı kimi futbolumuz üçün daha artığını etməyə çalışacağam. İşimiz çoxalır. Çalışacağıq ki, rəhbərliklə birgə vəzifəmizin öhdəsindən gələk. Yazıları oxyurdum. Etimadınıza görə də təşəkkür edirəm".

Əsas məqsədin 2020-ci il Avropa çempionatına vəsiqə qazanmaqdan ibarət olduğunu deyən Qurbanov "Millətlər Liqasında da oynamalıyıq. Bu, bizim üçün əlavə üstünlükdür. Futbolda hər şey mərhələ ilə olur. Əlimizdə şans varsa, bundan istifadə etməliyik. "Atletiko" "Qarabağ"dan güclüdü. Amma onlarla heç-heçə etdik. Və ya biz çempionatda xal itiririk" deyib.

45 yaşlı mütəxəssis bildirib ki, hələlik köməkçiləri barədə danışmaq tezdir: "İndi bu suala cavab verə bilməyəcəyəm. Hər şey mərhələli olacaq. "Bir aya, ayyarıma qərar veriləcək".

Qaynarinfo.Az