İdman 22:23 04.12.2017

Qurban Qurbanov: "Qazanclı olduğumuzu düşünürəm"

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah "Roma" ilə baş tutacaq oyunöncəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 

Qaynarinfo xəbər verir ki, mütəxəssis fikirlərini bölüşüb:
 
"Çempionlar Liqasında son oyuna gəlmişik. Nəticə baxımından uğurlu olmasa da, bizim üçün böyük təcrübə oldu. Çempionlar Liqasının hansı səviyyədə olduğunu və bizim öz gücümüzü nümayiş üçün böyük şansdı. Bilirik ki, "Roma"nın da şansları bu oyundan asılıdı".
 
- İki italyan məktəbi nümayəndəsi ilə qarşılaşdız. De Françesko və Konte. Hansı daha xoş təsir bağışladı? 

- Hər ikisi böyük futbol mütəxəssisidi. Bu gün Konte tam başqa fəlsəfədə oynayır. Bizim üçün "Çelsi" ilə oynamaq necə çətindirsə, "Roma"yla da elədi. "Çelsi"nin qapısından iki oyuna 6 qol keçirmək asan deyildi, bunu "Roma" bacarıb. Bu da onun gücündən xəbər verir.
 
- Riyazi baxımdan şansımız yoxdu. Bəs "Qarabağ" meydan nə məqsədlə çıxacaq?

- Bizim üçün avrokubokda bu mövsüm son oyundu. Gələcəyimiz üçün böyük təcrübədi. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Təzyiq olmadan ən yaxşı oyunumuzu sərgiləməliyik.
 
- Ciddi itkilər var. Boşluqları necə dolduracaqsız?

- Düzgün qeyd etdiniz. Ən əsas müdafiəçimizin olmaması böyük çətinlikdi. Mövsüm ərzində rotasiyalar etməklə buna hazırlaşmışıq. Hər bir futbolçuma güvənirəm və bilirəm ki, onların hər biri sabah meydana çıxıb, əlindən gələnin ən yaxşısını etməyə hazırdı. 
 
- Beş oyundan sonra iki xal qazancımızdı, yoxsa daha artıq ola bilərdi?

- Hər şeyə real baxmalıyıq. İlk ağır məğlubiyyətdən sonra bizə çətin idi. Amma toparlanmağı bacardıq. Azarkeşlərimiz də böyük klubları və futbolçuları Bakıda gördülər. Təkcə "Qarabağ" yox, Azərbaycan futbolu çox şey qazandı. Hər bir xal bizim üçün böyük qənimətdi. Bəlkə də bəzi problemlər olmasaydı, daha artığını edə bilərdik. Amma yenə də qazanclı olduğumuzu düşünürəm.

- Sizin komandada "Roma"yla Bakıdakı oyundan sonra nələr dəyişdi?

- İlk 20 dəqiqəni çıxmaqla yaxşı oynamışdıq. O oyundan sonra üzərimizdən həyacanı atdıq, inamımız artdı. "Çelsi" ilə oyunda azlıqda qalmağa hazır deyildik. Planlarımız pozuldu. İndi görürəm ki, futbolçularım özlərini yaxşı hiss edirlər və inamlıdılar. 
 
- Milli komandada vəzifənizi icra etməyə başlamısız. Aşağı yaş qruplarına məşqçiləri və yoxlama oyunları üçün rəqibləri müəyyənləşdirmisizmi?

- Burda milli haqda danışmaq istəmirəm. Yaxın günlərdə açıqlama veriləcək. Axtarışlar davam edir. Milli çempionat və kubok oyunları bitəndən sonra danışa bilərik. Amma millini unutmamışam və bu istiqamətdə iş gedir.
 
- Azərbaycanda belə bir mülahizə vardı ki, Avroliqada yaza qədər oynamaq ÇL-nin qrupundan yaxşıdı. Siz necə düşünürsüz?

- İlk növbədə Azərbaycan çempionatında çempionluq üçün yarışırıq. Daha sonra maksimum hədəflər olur. Məncə, hər kəsin ürəyindən olar ki, hər il Çempionlar Liqasının qrupunda oynayaq. Həmişə də ən yüksək hədəf üçün yarışırıq. Əldə etdiklərimizlə kifayətlənsək, düzgün olmaz. Daim çalışmalıyıq.