Video 16:46 18.09.2019

Qurban Qurbanov: “Sevilya”ya qarşı sona qədər mübarizə aparacağıq” (VİDEO)

"Belə bir komandanın Bakıya gəlməsi Azərbaycan futbolu üçün sevindiricidi. Azarkeşlər bir ilə yaxın bu cür komandaya qarşı canlı oyun izləmirdilər". 

Qaynarinfo xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sevilya" ilə qarşılaşacaqları Avropa Liqasının qrup mərhələsinin I tur matçından öncə mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, rəqibin ad-sanına baxmayaraq, öz futbolunu oynamağa çalışacaqlar: "Sabah meydanda güclü kollektiv görəcəyik. Sona qədər mübarizə aparacağıq. Öz meydanımızda oynayırıq. Düşünürəm ki, yaxşı nəticə əldə edə bilərik. Rəqibə qarşı layiqli mübarizə aparmağa çalışacağıq".

Qurbanov zədələnən Mahir Emreli ilə bağlı suala cavab verib: "Mahirin durumu yaxşı deyil. Böyük ehtimalla oyunu buraxacaq".

Baş məşqçi "Qarabağ"ın ispan futbolçularından rəqib barədə məlumat almayıb: "Heç bir məlumat almamışam. Düşünürəm ki, buna ehtiyac da yoxdu. Rəqibi yaxşı tanıyırıq".

Qurbanov "Rəqibin baş məşqçisi Xulen Lopeteqini nə qədər tanıyırsınız və onun məşqçilik metodu barədə nə deyə bilərsiniz? "Sevilya"nın heyətində hansı futbolçuları fərqləndirə bilərsiniz" sualına belə cavab verib: "Xüsusi tanışlığım yoxdu. Ancaq "Real”da, İspaniya millisində işləməsi hər şeydən xəbər verir. Əsl ispan futbolu tələb edən məşqçidi. Mənim də İspaniya futboluna marağım böyükdü. Ən çox izlədiyim çempionat La Liqa, milli komanda isə İspaniyadı. Heyətlərini saysam, gərək hamısının adını çəkim. Bilmirəm hansını deyim. Sabah layiqli mübarizə aparacağıq və çalışacağıq ki, azarkeşlərimiz ən azı oyunumuzdan razı qalsın".

"Sevilya” rəsmiləri və futbolçuları açıqlamalarında "Qarabağ"ın "Atletiko” ilə heç-heçələrinini xüsusi qabardırlar "Rəqib sizə artıq çətin rəqib gözü ilə baxır. Bu sizin işinizi çətinləşdirməyəcək" sualına cavab verən Qurbanov bunları deyib: "Açıqlamalarından məlumdu ki, oyuna ciddi hazırlaşırlar. Ola bilər ki, həmin nəticə onları daha ciddi hazırlaşmağa vadar edib. İstənilən halda, inanmıram ki, hansısa komanda qrupda özünü rahat hiss etsin, ciddi hazırlaşmasın. Xüsusən də, İspaniya klubları. Futbolda son vaxtlar gözlənilməz nəticələr olur. Bu da iddialı klubları ciddi hazırlaşmağa məcbur edir. Rəqibin də sabah həddən artıq ciddi olacağını düşünürəm".