İdman 13:48 11.12.2019

Qurban Qurbanov: “Turniri qələbə ilə başa vurmaq istəyirik”

"Bu bizim Avropa Liqasında son oyunumuzdu. Matça maraq azdı. Hər oyuna ciddi hazırlaşırıq. Yaxşı çıxış etmək istəyirik. Normal nəticə ilə turniri başa vurmaq istəyirik".

Qaynarinfo xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda Lüksemburq "Düdelanj"ı ilə qarşılaşmadan öncə mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, hər oyun "Qarabağ” üçün vacib xarakter daşıyır: "Avrokubok oyunlarında stadionumuzun dolu olmasını istəyirəm. Düşünürəm ki, azarkeşlərin yenə də ürəyi bizimlə olacaq. Bəzən belə hallarla razılaşmalıyıq. Həmişə istəmişəm ki, bütün oyunlara tam heyətlə hazırlaşaq. Romero Xayme komanda ilə məşq edir. Ola bilsin ki, əsas heyətə düşmək ehtimalı az olsun. Əvvəlki oyunlarla müqayisədə oyunçularımızın durumu yaxşıdır. Ən azı ilin sonunda sağlam istirahət edə biləcəklər".

Qurbanov evdə oynamağın onlar üçün üstünlük olduğunu bildirib: "Düşünürəm ki, rəqib ilk oyundakı nəticəni nəzərə alıb daha yaxşı hazırlaşacaq. Doğma meydanımızda oynayacağıq".