Qurban müəllim, yalnız milli haqqında düşünmək vaxtı deyilmi? Əvvəllər Azərbaycan millisinin Avropa çempionatında çıxışı bizim üçün xəyal idi. Əslində, indi də xəyal olaraq qalır. 

Millətlər Liqası turniri başlayanda isə bu xəyalın reallaşacağını düşündük və bir az ümidləndik. Halbuki, qrup mərhələsinin sonuncu oyununa kimi şansımız da var idi. Kosovoya biabırçı məğlubiyyət bir yana, adamın Malta ilə matçlarda itirilən xallara da heyfi gəlir. Görəsən, Qurban Qurbanov Kosovo məğlubiyyətindən savayı həmin oyunları da xatırlayırmı?

Hamıya bəllidir ki, Q.Qurbanov Azərbaycan millisi ilə yanaşı "Qarabağ”a da rəhbərlik edir. Qurban Qurbanovun Azərbaycan futbolu üçün etdiklərini heç kim inkar edə bilməz. Azərbaycan klubunu avrokubokların və ən əsası, Çempionlar Liqasının qrup mərhələsinə yüksəldən mütəxəssisdir. Bəlkə də ölkə futboluna ondan çox xeyr verən ikinci bir şəxs yoxdur. 

Amma... 

Millətlər Liqası sentyabrda başlayıb. Qurbanov Qurbanov həmin vaxtdan bu yana "Qarabağ”da 12, milli komandada 6 dəfə baş məşqçi kimi oyuna çıxıb. "Qarabağ” Premyer Liqada, Avropa Liqasında və Azərbaycan Kubokunda çıxış edir. Baş məşqçi yığmaya istənilən səviyyədə vaxt ayıra bilirmi? 

Əslində bizim əlimizdə olan oyunçu potensialı da azdır. Qurbanov yalnız milli oyunları vaxtı və təlim-məşq toplanışlarında iş başında olmamalır. Düzdür, təcrübəli mütəxəssis digər komandaların oyunlarını da millinin baş məşqçisi kimi stadiondan izləyir. Amma daha da artığını etmək olmazdımı? Yığmaya cəlb olunan azsaylı legionerlə yerində maraqlanmaq, onların matçlarını stadiondan izləmək olmazdımı? 

Məsələn, o, Ayaz Quliyev kimi Azərbaycan yığmasına potensial namizəd olan istedadlı oyunçu ilə yaxından maraqlanmaq istəyibmi? Qarşıda yenə seçmə mərhələlər olacaq. 2020-ci ildə isə ikinci dəfə Millətlər Liqasında çıxış edəcəyik. Yığmanın baş məşqçisi ilə 6 illik müqavilə imzalanıb. Qurbanov həmin vaxtda da iki yerdə işləyəcək? Düşünün ki, "Qarabağ” bu mövsüm uğursuz çıxış edir və mövsümün sonunda çempion ola bilmir. İki komandaya baş məşqçilik edən Qurban Qurbanov çıxılmaz vəziyyətdə qalır. 

Qurban müəllim, hər iki komandada uğursuzluğa düçar olsanız, hansından ayrılarsınız?

İki komandaya eyni vaxtda rəhbərlik etmək çətin deyilmi? Həm millidə, həm də klubda eyni vaxtda işləyən baş məşqçiləri dünya təcrübəsində də görmüşük. Amma uğur qazanan olubmu? Cəmi bir nəfəri - Valeri Lobanovskini xatırlamaq olar. Onun dünyasını dəyişməsindən isə artıq 16 il ötür. Ondan sonra gələnlərdən nə Qus Hiddink, nə Fatih Terim, nə də başqalarının əldə edə bilmədiyi uğuru   Q.Qurbanov qazana biləcəkmi?

Məhz elə 2017-ci ilin noyabrında yığma komanda ona tapşırılıb. Çoxları düşünəcək ki, tez bir zamanda nəticə tələb etmək düzgün deyil. Amma məgər Malta kimi komandaları da udmaq üçün zaman lazımdır? 2014-cü il dekabrında Robert Prosineçki milli komandanın baş məşqçisi təyin olunanda jurnalistlərdən biri AFFA-nın prezidenti Röqnəq Abdullayevə "Qurban Qurbanov niyə milliyə gətirilmədi” sualını ünvanlamışdı. R. Abdullayev isə "Çünki həm Əli aşından olacaqdı, həm Vəli aşından” cavabını vermişdi. Qurban müəllim, burada Əli aşının hansı, Vəli aşının isə hansı olduğunu bilmirəm. Amma deyə bilərəm ki, "Qarabağ”dan ayrılmaq istəsəniz və bunu kluba bildirsəniz, sizin bu istəyinizə hörmətlə yanaşarlar. Eyni vaxtda iki yerdə çalışmayın.

Artıq 10 ildir ki, "Qarabağ”da işləyirsiniz. Klubdan ayrılıb yalnız milli haqqında düşünmək vaxtı deyilmi?

Aydın
Qaynarinfo.Az