Ölkə 23:02 16.10.2013

Qusarda atışma – Bir polis öldürülüb, üçü yaralanıb - YENİLƏNİB


APA-nın hazırda hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisənin bəzi təfərrüatları bəlli olub.

Məlumata görə, polisə axtarışda olan şəxslərdən birinin rayona dönməsi barədə məlumat daxil olub. Polis axtarışda olan şəxsin gizləndiyi evə gəlib, lakin evdə bir neçə nəfər olub. Onlar hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına qəflətən hücum ediblər. Nəticədə polis mayoru Qalib Quliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Məlumata görə, Q. Quliyev ötən il radikal vəhhabi təriqətinə məxsus şəxslərin zərərsizləşdirilməsi üçün keçirilmiş əməliyyatda yaralanıbmış.  Daha 3 polis əməkdaşı- Mövlüd Əliyev, Cəmil Nəsirov və Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.


APA-nın əməkşdaşı bildirib ki, atışmada polisə basqın edənlərdən zərərsizləşdirilən olmayıb. Onlar hamısı qaça bilib.
Hazırda hadisə yerində istintaq araşdırması başlayıb.

Qusar polisi basqınçıların tapılması üçün əməliyyat tədbirlərini davam etdirir. Rayonun bütün giriş-çıxış yollarına polis postları qurulub, axtarış aparılır. 

**

Qusarda atışma baş verib. Anspress xəbər verir ki, atışma axşam saatlarında qeydə alınıb. Atışma nəticəsində 4 polis əməkdaşı yaralanıb. Bölgə müxbirimizə verilən məlumata görə, bunlar Qusar rayon polis şöbəsinin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov, Cinayət Axtrış bölməsinin rəisi 1967-ci il təvəllüdlü Mövlud Əliyev, bölmənin əməliyyat müvəkilləri 1962-ci il təvəllüdlü Qalib Quliyev və Cəmil Nəsirovdur. 

Qusar Mərkəzi Rayon Xəstəxanasının travmatoqu Murad Şahvələdovun verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq Qalib Quliyevi xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib. 

C.Nəsirov və M.Əliyev üzərində əməliyyat aparılır. M.İbrahimov isə ambulator yardımdan sonra evə buraxılıb. Hadisə ilə bağlı polis şöbəsində araşdırmalar aparılır,atışmanın təfərrüatları dəqiqləşdirilir. Ərtaf rayonların polis şöbələrinin əməkdaşları da Qusara cəlb edilib.

Qaynar.info