Siyasət 17:53 14.06.2013

Rafiq Əliyev vahid namizəd olması təklifidən danışdı

ADP sədri Sərdar Cəlaloğlu Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyevin Milli Şuranın prezidentliyə vahid namizəd olması təklifilə çıxış edib.

Tanınmış alim özü ilə bağlı bu təklifə münasibət bildirib. Hazırda xarici ölkələrdən birində səfərdə olan Rafiq Əliyev Modern.az-a açıqlamasında Sərdar Cəlaloğlunun təklifindən xəbərsiz olduğunu deyib. Professor tezliklə partiya rəhbərinin təklifinə cavab verəcəyini söyləyib.

“Hazırda Bakıdan kənardayam. Sərdar Cəlaloğlunun təklifindən xəbərsizəm. Hər halda mən onun dediklərini oxuyandan sonra öz cavabımı verəcəm”-deyə R.Əliyev vurğulayıb.

ADP sədri Sərdar Cəlaloğlu rəhbərlik etdiyi siyasi təşkilatın adından deyib ki, Milli Şura  prezident seçkilərində dünya şöhrətli alim və görkəmli ictimai xadim, professor Rafiq Əliyevi vahid namizəd kimi müəyyənləşdirərsə, ADP qeyd şərtsiz onu dəstəkləyəcək, xalqı onun ətrafında sıx birləşməyə çağıracaq. 

"Hesab edirəm ki,  Rafiq bəy hamının qəbul edəcəyi və şəxsiyyəti heç bir sual doğurmayan, demokratiyaya keçid dövrü üçün ideal keyfiyyətlərə və siyasi təcrübəyə malik insandır. Ona görə də Milli Şura Rafiq Əliyevin namizədliyi ilə seçkilərə getdiyi təqdirdə bu quruma cəmiyyətin müxtəlif kəsimlərində yaranmış çoxsaylı suallara da aydınlıq gələ bilər və cəmiyyət daha yekdil bir şəkildə müxalifətin ətrafında birləşə bilər”, - deyə S.Cəlaloğlu vurğulayıb.