Sənət 09:40 26.02.2018

Rahid Uluselin “Narın Düşüncələr”i

Rahid Uluselin uzun illər üzərində işlədiyi 22-ci kitabı – "Narın Düşüncələr”i "Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə çapdan çıxıb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, kitaba müəllifin "sayrışlar” adlandırdığı aforizmləri və lakonizmləri daxil edilib. Kitabın redaktorları fəlsəfə doktorları Azər Turan və Nərgiz Cabbarlıdır. 

"Narın Düşüncələr”in zərif və titrək işığı – insanla dünyanı vəhdətə gətirən ən  qırılmaz telləri daha da möhkəmləndirmək, həyatımızın məna bolluğunun dərinliyinə varmaq enerjisini daşıyır. Onun əsas məqsədi – yaşadığımız  tarixi zamanın yaradıcı ideya qaynaqlarını oyatmaqdan ibarətdir. Bu aforizm və lakonizmlər dünyanın mahiyyətini  inteqralında dərk etməyə çalışan canlı fikir damlalarıdır. 

Kitabın müəllifi fəlsəfə üzrə elmlər doktoru, professor Rahid Ulusel Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisidir. Fəlsəfə, estetika, kulturologiya, filologiya və tənqidin aktual problemlərinə dair sanballı əsərləri Azərbaycanda və xaricdə çap edilib. Elmi nailiyyətləri sırasında harmoniya fəlsəfəsi, tarixi inkişafın diasinxroniyası, fəlsəfi poeziya və türk sivilizasiyasının sistemli tədqiqi, homouniversalizm konsepsiyası əsas yer tutur. Azərbaycan Yazıçılar Birliyinin, AMEA Fəlsəfə İnstitutunun Dissertasiya Şurasının, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, Biokosmologiya Assosiasiyasının Yaxın Şərq üzrə vitse-prezidentidir. Humanitar elmlər üzrə keçirilən bir sıra beynəlxalq konqreslərdə (ABŞ, İsveç, Yunanıstan, Koreya və s.) Azərbaycanı təmsil edib.