Texnologiya 19:27 16.03.2018

Raket texnologiyası ilə süni ürək

Çinli alimlər raket texnologiyasından istifadə edərək süni ürək hazırlayıblar.

Qaynarinfo Economic Times-a istinadən xəbər verir ki, ürək hazırda heyvanlar üzərində sınaqdan keçirilir. 

Süni ürək Çin Nəqliyyat Texnologiyaları Akademiyası və Teda Beynəlxalq Kardiovaskular Xəstəxanası tərəfindən hazırlanıb. Raket texnologiyasından istifadə edilərək hazırlanan ürək "aerokosmik ürək" adını alıb. Texnologiya damarlara daha uzun müddət qan təchizatı həyata keçirə və insan ömrünü uzada bilər. 

Hazırda Çində satışda süni ürək yoxdur. Lakin gələcəkdə onun qiymətinin 100 min avro olması gözlənilir. Planlarda daha ucuz başa gələn süni ürəyin hazırlanması da var.

Süni ürək hazırlayanlar arasında "Fuwai" Kardiovaskular Xəstəxanası da var. Bu ürəklər 2017-ci ilin iyun-oktyabr aylarında 3 xəstəyə köçürülüb. Bildirilir ki, bu texnologiya ürək transplantasiyası gözləyən və ya mövcud vəziyyətdə bu əməliyyatı keçirə bilməyən xəstələrə müvəqqəti olaraq köçürülür.

2013-cü ildə qoyuna insan tərəfindən hazırlanmış ürək köçürülmüş, heyvan 120 gün yaşamışdı. Ürək transplantasiyası həyata keçirilən digər 6 qoyun isə 100 gündən çox sağ qala bilmişdi.

Gülşən