Dünya çempionu olaraq tarixi uğura imza atan Ramil Quliyev əsas hədəfini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, Türkiyəni təmsil edən azərbaycanlı atlet ən böyük hədəfinin 200 metr qaçış yarışlarında Avropa rekordunu qırmaq olduğunu bildirib.

Anadolu Agentliyinə danışan Ramil bir neçə idman növündə özünü sınadıqdan sonra 14 yaşında atletikaya başladığını, qısa zamanda dərəcələr əldə etdikdən sonra "Bu idmana davam edəcəm" dediyini bildirib.
 
Ana və atasının da atlet olduğunu qeyd edən idmançı Azərbaycandakı idman imkanlarının aşağı olması səbəbindən başqa ölkəyə keçmək qərarına gəldiyini bildirib. İlk seçimi isə Türkiyə olub:

"Potensialımın çox böyük olduğunu görürdüm. Çox çalışmalı idim ki, bu potensialı gerçəyə çevirim. Məşq etmək üçün yer lazım idi. O zamanlar Azərbaycanda bu çətin idi. Toplanış var, gedəcək yer yox idi. Xaricə toplanışa göndərmirdilər. Orda düzgün bir şey edə bilməyəcəyimi düşündüm. Fikirləşdim ki, yaxşı bir yerə getmək, dərəcə almaq üçün ölkəmi dəyişdirməyim lazımdı. İlk olaraq Türkiyəni düşündüm. Çünki Türkiyə Azərbaycan kimi ölkədi. Türkiyə olmasa, başqa bir ölkəni düşünərdim. Açığı başqa təkliflər də var idi. İstəsəydim qəbul edərdilər. Amma ilk olaraq Türkiyə ilə əlaqə qurdum". 

Türkiyə yığmasına keçdiyi üçün cəzalandırılaraq 3 il beynəlxalq yarışlara qatıla bilmədiyini deyən Quliyev bu illərin onun üçün çox çətin keçdiyini söyləyib. Londonda keçirilən Dünya çempionatının çox önəmli olduğunu deyən atlet 10 illik əməyinin bəhrəsini gördüyünü bildirib: 

"Bu qatıldığım 3-cü Dünya çempionatı idi. Həmişə finala çıxırdım, amma mükafatçılar sırasına düşə bilmirdim. Londonda artıq bu şansı yaxaladığımı hiss etdim. Bu yolda 10 ildi çalışırdıq. Qızıl medal üçün çox çalışdıq, 10 illik əməyimin nəticəsi bir anda gəldi. İndi ən böyük hədəfim 200 metrə qaçış yarışlarında Avropa rekordunu qırmaqdı. Avropadan sonra dünya rekordunu qırıb, olimpiya oyunlarında medal qazanmaq istəyirəm. Olimpiadaya qədər bütün proqramım hazırdı".

Azərbaycanlı atlet Usayn Boltun karyerasını bitirməsindən sonra bu sahədə boşluq yaranmadığını, bu növdə yarışacaq idmançıların olduğunu, yamaykalı idmançının hər kəsdən 2-3 qat güclü idmançı olduğunu bildirib:
 
"İdman önə çıxan 15 idmançı var. Təxminən eyni gücdədilər. Eyni gücdü olduğumuz üçün yarış daha həyacanlı keçir. Çünki kimsə kimin qazanacağını bilmir".

Ramil Azərbaycanı heç vaxt unutmadığını, çünki burda doğulub böyüdüyünü bildirib. Bu səbəbdən Londondakı yarışdan sonra Türkiyə ilə Azərbaycan bayraqlarını birlikdə qaldırıb: 

"Yarışın nəticələrinə azərbaycanlılar da çox sevindi. Ordan çoxlu təbriklər gəldi. Media bu barədə çox yazdı. Açığı bu qədər yaxşı qarşılanmağı gözləmirdim. Pis qarşılasalar da fərq etməzdi. Mən yenə iki bayrağı qaldıraram. Amma çox gözəl oldu. Buna çox sevindim".
 
Aydın