Siyasət 17:56 25.06.2013

Ramil Səfərov AŞPA-da yenidən müzakirə çıxarıldı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ikinci iş günündə, Hüquqi işlər və insan hüquqları komitəsinin bu gün keçirilən iclasında hazırlanmaqda olan bir sıra başqa məruzələrlə yanaşı, italiyalı deputat Renato Farinanın təqdim etdiyi “Məhkum edilmiş şəxslərin verilməsi haqqında Konvensiyadan sui-istifadənin qarşısını almaq üçün təkliflər” sərlövhəli sənəd də müzakirə edilib.

APA-nın Avropa bürosunun məlumatına görə, Konvensiyanın müəyyən bəndlərinin sərtləşdirilməsi təklifini irəli sürən R.Farina məruzəsini bütövlüklə 2004-cü ilin yanvarında Budapeştdə ingilis dili kursları keçən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla erməni zabiti Qurgen Marqaryan arasında baş verən hadisəyə həsr edib. Məruzəçi Macarıstanda məhkum edilmiş R.Səfərovun Azərbaycana qaytarılması və sonra onun azadlığı buraxılmasını tənqid edərək, məhz bununla bağlı Konvensiyada dəyişiklik aparılması məsələsini qaldırıb.

Hüquqi işlər və insan hüquqları komitəsinin üzvü Rafael Hüseynov italiyalı deputatın təqdimatını və məruzəsinin mətnini kəskin tənqid edib: “Qətiyyən şübhə yoxdur ki, vaxtilə hazırlanmış və işləməkdə olan konvensiyaların hər birini diqqətlə təhlil edəcək olsaq, müəyyən korrektələr, düzəlişlər, təkmilləşdirmələr üçün yer olduğunu görərik. Bu təbiidir. Dəyişən həyat öz təkliflərini daim irəli sürməkdədir. Lakin belə dəyişmələr və təkmilləşdirmələr tələsik və qərəzli iddialar əsasında deyil, dərin araşdırmalar üzərində aparılmalıdır. Təqdim olunan məruzə sırf emosional səciyyə daşıyır, faktları təhrif edərək birtərəfli qaydada tərtib edilib və layiqli hüquqi sənəd olmaq səviyyəsindən çox uzaqdır. Ramil Səfərov hadisəsi ilə bağlı faktları məruzəçinin təhrif etməsini kənara qoyaraq, buna xüsusi diqqət yetirmək gərəkdir ki, illərdən bəri işləməkdə olan konvensiyada dəyişiklik etmək təşəbbüsünü qaldıran şəxs bundan ötrü onlarla faktı araşdırmalı, belə bir dəyişikliyi zəruri edən qanunauyğunluğu zəngin faktlar əsasında sübut etməli idi. Burada isə bircə Ramil Səfərov məsələsinə əsaslanaraq konvensiyada dəyişiklik edilməsi israr olunur. Belə təşəbbüslər Avropa Şurasının nüfuzuna ziyan gətirir. Çünki açıqca hiss olunur ki, bu qəbil təşəbbüslərin arxasında təmiz olmayan maraqlar durur. Biz aylar öncə Parlament Assambleyasında Ramil Səfərov hadisəsini müfəssəl müzakirə edib, bütün real faktları ortaya qoymuşuq. Kimsə güman edirsə ki, belə təşəbbüslərlə Ramil Səfərov məsələsi ilə əlaqədar indi nəyəsə nail olmaq mümkündür, çox yanılır. Hüquqda qanunun geriyə işləməməsi müddəası var və mövcud konvensiya əsasında Ramil Səfərovun Azərbaycana təhvil verilməsi tamamilə qanun çərçivəsində baş verib, heç bir pozuntuya yol verilməyib. Ramil Səfərovun Azərbaycanda əfv edilməsi isə Azərbaycan xalqının istəyi və Azərbaycan prezidentinin iradəsi ilə baş verib ki, bu da dövlət başçısının konstitusion hüququdur. Ona görə də sadəlövh etirazları bir kənara qoymaq lazımdır. Amma belə bir məsələnin məruzə çərçivəsində qaldırılmasının digər zərərli cəhəti var. Avropa Şurası iki üzv dövlət arasında olan münaqişənin, Dağlıq Qarabağ probleminin diplomatik vasitələrlə həlli yolunda səylər göstərir. Belə qızışdırıcı məruzələrsə Avropa Şurasının prinsiplərinə və apardığı xəttə əks gedir. Ona görə mən təqdim olunmuş məruzənin hüquqi baxımdan əsassız, siyasi nöqteyi-nəzərdən çox ziyanlı olduğunu bir daha vurğulayaraq onu rədd edirəm”.

Qeyd edək ki, hələ tamamlanmamış bu məruzəni hazırlayan R.Farinanın deputat səlahiyyətləri avqust ayında tamamlanır. R.Farina həmin məruzənin digər deputat tərəfindən davam etdirilməsini, R.Hüseynov isə bu məruzənin irəliləyişinin dayandırılmasını təklif edir. Hüquqi işlər və insan hüquqları komitəsi bu məruzənin gələcək taleyini payız sessiyasında nəzərdən keçirəcək.

Qaynar.info