Ölkə 15:33 29.04.2013

Ramiz Mehdiyevə müraciət etməyə hazırlaşır - VƏKİL

Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın azad olunması üçün bu gün prezidentə müraciət ünvanlanacaq.

Qaynar.info xəbər verir ki, bu barədə Modern.az-a onun vəkili  Əfsər Talıbov bildirib: “Bu gün ölkə prezidentinə, Milli Məclisə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, baş Prokuror Zakir Qaralova, Bakı şəhər prokuroru Əziz Seyidova istintaqda heç bir prosessual hərəkət qaydalarının aparılmaması və Gülər Əhmədova haqqında qərəzli həbs-qəti imkan tədbiri seçilməsi ilə bağlı müraciət edəcəyik”.


Vəkilin sözlərinə görə, Gülər Əhmədovanın əməli Cinayət Məcəlləsinin 178.3.2 və 307.2 maddələri ilkə tövsif oluna bilməz: “Biz, vəkillərin ümumi qənaətinə görə, Gülər Əhmədovanın əməlində cinayət yoxdur. Ölkə prezidenti də çıxışlarının birində cinayət işinin obyektiv aparılması ilə bağlı fikir səsləndirdi. Biz də istəyirik ki, Gülər Əhmədova barəsində cinayət işinin hər iki maddəsi üzrə istintaq obyektiv aparılsın”. 

Əfsər Talıbov onu da bildirib ki, bu günə kimi istintaq işində heç bir irəliləyiş olmayıb. Onun sözlərinə görə, Gülər Əhmədova cəmi bir dəfə, üstəlik şahid qismində dindirilib: “Sonradan Gülər Əhmədova barəsində təqsirləndirilən şəxs qismində cəlb edəndə onu sadəcə qərarla tanış ediblər. Müvəkkilimə bildiriblər ki, “sizi bu iki maddə ilə həbs edirik”. Baş prokuror çıxışında bildirib ki, Gülər Əhmədovanın işi ilə əlaqədar Elşad Abdullayev Bakıya gəlməlidir, sübutlar təqdim etməlidir və Gülər Əhmədova ilə üzləşdirilməlidir. Hətta Baş prokuror qeyd eləyib ki, niyə məhz Elşad Abdullayev 7 ildən sonra bu video görüntüləri yayıb...”.

Sabah Gülər Əhmədova ilə görüşəcəyini də qeyd edən Əfsər Talıbov onu da bildirib ki, eks-deputatın səhhəti ağır durumda olduğundan onun ürəyinin EXO-kardioqram olunması üçün istintaq təcridxanasının rəisinə müraciət edib.

Qaynar.info