Ölkə 22:10 10.01.2019

“Range Rover”lə qəza törədən polis serjantının cinayət işi icraata götürüldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə başlayır. 

Oxu.Az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə araşdırılacaq. 

Məhkəmənin hazırlıq iclası yanvarın 16-na təyin edilib. 

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman "Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.