Siyasət 14:30 02.05.2013

REAL-dan İlqar Məmmədovla bağlı bəyanat

Respublikaçı Alternativ Hərəkatı (REAL) təşkilatın sədri və prezidentliyə namizədi İlqar Məmmədova qarşı daha ağır ittihamların irəli sürülmsilə bağlı bəyanat verib. Bəyanatda deyilir:

May ayının 1–də Prezidentliyə namizəd və Respublikaçı Alternativ Hətəkatının Sədri İlqar Məmmədova qarşı yeni əsassız və qanunsuz ittiham irəli sürülmüşdür. Bundan əvvəl Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 233 (ictimai asayişi pozma) və 315.2-ci (həyat və sağlamlıq üçün təhlükə doğuran güc tətbiq etməklə polisə müqavimət) maddələriylə ittiham olunan İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Respublikaçı Alternativ Hərəkatı hesab edir ki, İlqar Məmmədova qarşı irəli sürülən yeni ittiham bundan əvvəlki ittihamlar kimi şər və böhtan üzərində qurulub, siyasi hakimiyyətin öz əsas rəqibinə qarşı qərəzli mövqeyindən irəli gəlir. Biz yeni ittihamı prezidentliyə namizəd və İlham Əliyevin real alternativi hesab olunan İlqar Məmmədovun və onun sədrlik etdiyi Hərəkatın siyasi fəaliyyətinə qarşı təzyiq vasitəsi kimi qiymətləndiririk. Qeyri-qanuni qərarıyla ölkə rəhbərliyi cari ilin oktyabr ayında keciriləcək prezident seçkilərinin şəffaflığını və rəqabətli mühütdə keçəcəyini bir daha şübhə altına saldı.

Eyni zamanda son ittihamın Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovun həbsiylə bağlı Azərbaycan hakimiyyətiylə kommunikasiyaya başlamasına qərar verdikdən sonra irəli sürülməsi məsələnin sırf siyasi sifariş əsasında qurulmasının, Azərbaycan hakimiyyətinin siyasi plüralizmə, fikir ayrılığına və rəqabətə qarşı dözümsüzlüyünün bariz nümunəsidir.

Respublikaçı Alternativ Hərəkatı hesab edir ki, Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovun işiylə bağlı çıxardığı qərar operativlik baxımından Avropa Məhkəməsinin tarixində çox az rast gəlinən praktika olduğundan Azərbaycan hakimiyyəti üçün gözlənilməz olmuş və hakimiyyəti bir daha qeyri qanuni və ölkə imicinə xələl gətirən yeni ittiham uydurmasına vadar etmişdir.

Respublikaçı Alternativ Hərəkatı Azərbaycan hakimiyyətinin prezidentliyə namizəd İlqar Məmmədova qarşı qeyri qanuni hərəkətlərini pisləyir və ölkəmizdə cümhuriyyət uğrunda işlərini davam etdirir.

Qaynar.info