Ölkə 14:31 13.03.2014

REAL Hərəkatı bəyanat verdi

Respublikaçı Alternativ Hərəkatı “İsmayıllı işi” adlı məhkəmənin yekunlaşması ilə əlaqədar bəyanat verib.

"Məşhur İsmayıllı məhkəməsi yekunlaşmaq üzrədir, mart ayının 17-də məhkəmə hakimiyyətin sifarişi əsasında hökm oxuyacaq. Dövlət ittihamçısı törətmədikləri əməllərə görə məsum insanlara, o cümlədən hakimiyyətin siyasi rəqibi İlqar Məmmədova uzunmüddətli həbs cəzası istəmiyib.

İqtidarın belə bir fürsəti var idi ki, 3-cü dəfə hakimiyyətini qeyri-qanuni rəsmiləşdirdikdən sonra özünün son dərəcə mənfi və qanunsuz imicini həm xalqın, həm də beynəlxalq ictimaiyyətin gözündə nisbətən yumşaltmaq üçün islahatlar yolunda  addımlar atsın və bu istiqamətdə ilk gedişlərdən biri siyasi məhbusların, o cümlədən İlqar Məmmədovun girovluqdan azad edilməsi ola bilərdi. Fəqət görünən odur ki, hakimiyyət özünün müstəbid mahiyyətini dəyişmək istəmir.

Biz REAL olaraq bəyan edirik ki, hakimlərin qanunsuz cəza kəsəcəyi halda bununla barışmaq və bunu bağışlamaq niyyətimiz yoxdur. Ukraynada son hadisələr bir daha sübut etdi ki, bütün xalqlar ayağa qalxaraq siyasi opponentlərini qondarma ittihamlarla həbsə atan diktatoru qovmaq gücünə malikdir və beynəlxalq ictimaiyyət də xalqın iradəsinin belə ifadəsini legitim olaraq qəbul etməkdədi. Bu zaman xalqlar diktatorların girov götürərək həbsə atdıqları siyasi xadimləri azad edir və aqibətini də bu fədakar, zülmə qarşı səsini ucaltmaqdan çəkinməmiş qəhrəmanlara həvalə edir. 

Bəşəriyyət hal hazırda azad dünya ilə diktatura və separatizmi dəstəkləyən Rusiyanın mübarizəsini müşahidə etməkdədi. Bu şəraitdə avtoritarizmi, avtoritar üsulları seçmək məhz Rusiya əsarətini seçmək deməkdir. Ona görə indiki şəraitdə Azərbaycanda avtiortarizmə qarşı mübarizə həm də Rusiya imperializminin əsarət təhlükəsinə qarşı aparılan istiqlal mübarizəsi mənasını kəsb edir. Diktatura yolundan çəkilməməklə hakimiyyət Putin düşüncəsinin daşıyıcısı olaraq Azərbaycan istiqlalı üçün qorxulu bir təhlükəyə çevrilməkdədi.

Biz üzümüzü “İsmayıllı iş”inin hakimlərinə tuturuq: Qanunla Azərbaycanda məhkəmə hakimiyyəti icra hakimiyyətindən ayrılıb. “Biz əmri icra edirdik” kimi bəhanələr sizin işinizə yaramayacaq. Qanunun bütün sərtliyi ilə imza atacağınız qanunsuzluğa görə cavab verəcəksiniz! Siz çox gözəl bilirsiniz ki, İlqar Məmmədov və Tofiq Yaqublu heç bir cinayət törətməmişlərdir. Cinayəti törədənlər xalqı təhqir edənlər və dinc etiraz edənləri həbsə atanlardır!

İndi hər şey iqtidardan asılıdır. Onun bu təhlükəli və məsuliyyətli məqamda barış və dialoq perspektivi açmaq imkanı yaranıbr. Bütün siyasi məhbusların azad edilməsi Azərbaycanımız üçün tarixi bir şansın qapılarının açılması demək olardı". 

Qaynar.info