Ölkə 16:56 15.05.2013

Redaktora qarşı təhdidlər araşdırılmalıdır

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxana qarşı telefon təhdidləri ilə bağlı rahatsızlığını ifadə edib. 

Qurumdan verilən xəbərə görə, təşkilatın sədri Azər Həsrət hüquq mühafizə orqanlarını baş verən olayı ən qısa müddətdə araşdırıb telefon terroru ilə məşğul olan şəxsləri müəyyənləşdirməyə və cazalandırmağa çağırıb. 

“Biz ölkəmizdə hər bir məsələnin hüquq müstəvisində müzakirəsinə çalışmaqdaykən kimlərinsə aparıcı gündəlik qəzet olan “Yeni Müsavat”ın redaktoruna qarşı bu cür əməllərini yolverilməz hesab edirik. Belə hallar Azərbaycanın imicinə ciddi zərbə olmaqla bərabər mənfi tendensiyaların artmasına, jurnalistləri qorxu altında tutmağa hesablanmış ola bilər. Halbuki Azərbaycan dövləti ən yüksək səviyyədə jurnalist təhlükəsizliyi məsələsinə həssas yanaşmaqdadır və ona görə də belə təhdidlərlə çıxış edənlər hər şeydən öncə ölkə rəhbərliyinin mətbuat azadlığı ilə bağlı fikirlərinə sayğısızlıq etmiş olurlar”, - deyə CASCFEN sədri Azər Həsrət bildirib. 

Təhdidlərlə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin adının hallanmasına da münasibət bildirən Azər Həsrət deyib ki, adı çəkilən şəxs hamıdan əvvəl bu təhdidlərin araşdırılmasında maraqlı olmalıdır. 

“Biz hörmətli E.Vəliyevin bu məsələdə rolunun olacağını düşünməsək də hadisənin araşdırılmasında və açıq nömrələrdən zəng edərək tanınmış jurnalisti təhdid edənlərin aşkarlanmasında ciddi rol oynaya biləcəyinə inanırıq. Buna görə də onu və müvafiq hüquq mühafizə orqanlarını mümkün qədər tez bir zamanda olayı araşdırmağa çağırırıq”, - deyə Azər Həsrət bildirib. 

Xatırladaq ki, “Yeni Müsavat” qəzeti 12 may 2013-cü il tarixində saat 21 radələrindən başlayaraq gizlədilməyən nömrəli telefonlardan Azər Ayxana məxsus telefona təhdid və təhqir dolu zəng və mesajların gəldiyi haqqında açıqlama yayıb. Zəng edən və mesaj yazan şəxslər qəzetdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev haqqında yazılara son qoymağı, ondan “əl çəkməyi” tələb ediblər. 

Qaynar.info