Dünya 10:23 27.05.2013

Rəfsəncanidən seçki bəyanatı


İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani bəyanat yayıb.

H.Rəfsəncani bəyanatında islami quruluş sayəsində xalqın başıucalığı və rifahına, eləcə də ölkənin yüksəlişinə köməyi özünün və tərəfdarlarının hədəfi adlandırıb.
 
Eks-prezident bu il iyunun 14-də ölkədə keçiriləcək prezident seçkilərinə namizədliyinin İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) tərəfindən qəbul olunmayacağına üstüörtülü şəkildə işarə vurub: "Özümün və qohumlarımın istəklərinə baxmayaraq, seçkilərdə iştirakıma maneə törədiləcəyini bilirdim. Bununla belə, ölkə rəhbərliyinin vurğuladığı iqtisadi qəhrəmanlığa çatmağın ön şərti saydığım siyasi qəhrəmanlıq yaratmağa kömək etmək üçün son anda qeydiyyatdan keçdim”.
 
H. Rəfsəncani bəyanatını tərəfdarlarına müraciətlə tamamlayıb: "İndi təvazökarlıqla əziz İran xalqına, bütün şəxsiyyətlərə, böyük din və elm alimlərinə, istər qeydiyyatdan öncə, istərsə də ondan sonrakı qısa müddətdə məni öz səmimi məhəbbət və lütfkarlıqları ilə üzləşdirən dostlara, xüsusilə ölkə boyu könüllü xalq qərargahları yaradaraq zəhmətlər çəkmiş hər kəsə təşəkkür və minnətdarlıq edirəm. Eyni zamanda onlara tövsiyə edirəm ki, qərargahlarda mötədil islahatçılar və fundamentalist qüvvələr arasında yaranmış birlik və həmrəyliyi gücləndirmək imkanını bu hərəkətin davamı üçün bir başlanğıc nişanəsi kimi qoruyub saxlasınlar”.
 
Qeyd edək ki H. Rəfsəncani İran prezidentliyinə namizəd kimi qeydiyyata alınması üçün mayın 11-də Daxili İşlər Nazirliyinin Seçki Qərargahına ərizə ilə müraciət edib. Ancaq İran Konstitusiyasına Nəzarət Şurası onun səlahiyyətini rədd edib.

APA