İsrail ordusuna məxsus qırıcılar Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı İran hərbi bazasına hücum edib.
 
Qaynarinfo Ölkə.Az-ya istinadən xəbər verir ki, Suriyadakı hava hücumundan müdafiə sistemləri İsrail qırıcılarına raketlə cavab verib. Məlumatı İsrailin "Haaretz” qəzeti yayıb. Xəbərə əsasən, Livanın hava sahəsindən istifadə edən qırıcılar Dəməşq yaxınlığındakı İrana məxsus hərbi bazaya hücum ediblər. Baza Şamın 13 kilometrliyindəki Əl Kisva qəsəbəsində yerləşir.

Bombardmandan sonra şiddətli partlayış səsləri eşidilib. Bildirilir ki, partlayışlardan sonra Dəməşq və ətrafındakı ərazilərdə elektrik enerjisi kəsilib. Suriya və İran tərəfi məsələ ilə bağlı açıqlama vermir. İsrail tərəfi isə şərh verməyi rədd edir.

Yayılan informasiyalardan sonra bir çox xarici və yerli mətbuatda bölgədəki vəziyyətlə bağlı həyəcan təbili çalınıb. Azərbaycanlı siyasətçilər isə məsələyə birmənalı yanaşmırlar. Politoloq Sülhəddin Əkbər "Ölkə.Az”a açıqlamasında bildirib ki, ilk öncə İsrailin hansı hərbi bazaya zərbə vurması tam dəqiqləşməlidir. Onun sözlərinə görə, məlumatlar dəqiqləşəndən sonra məsələni konkret müzakirə etmək olar.

"Bəzi məlumatlarda bildirilir ki, zərbələr İranın tikməkdə olan hərbi bazaya vurulub. Bəzi məlumatlarda isə Suriya ordusunun hərbi bazasındakı anbarlara həmlə edildiyi deyilir. Bundan başqa, hələlik İranın hadisəyə hansı münasibət bildirəcəyi bəlli deyil”, - deyə Sülhəddin Əkbər bildirib.

Politoloq deyir ki, əgər bəzi mütəxəssislərin iddia etdiyi kimi həqiqətən də İsrail ilə İran arasında münasibətlər müharibə həddinə çatarsa, bunun Azərbaycana böyük mənfi təsiri olacaq.

"Onsuzda regionda vəziyyət gərgindir. Əgər İsrail ilə İran arasında hərbi qarşıdurma yaranarsa, təbii ki, bu Tehranın qonşularına, o cümlədən də Azərbaycana təsiri olacaq. Həm də, nəzərə almaq laızmdır ki, İsrail ilə Azərbaycan arasında xüsusi münasibətlər var. İran da bəzən bu münasibətləri çox ağrılı qarşılayır”.
Politoloq Eldar Namazov da "Ölkə.Az”a açıqlamasında bildirib ki, baş verənlər bizim üçün yaxşı əlamət deyil. Onun sözlərinə görə, baş verənlər Azərbaycana çox ciddi təsir edə bilər.

"Təbii ki, bizim sərhədlərimizdə müharibə baş verərsə, bu Azərbaycana da çox ciddi təsir edə bilər. Lakin mən güman etmirəm ki, belə bir müharibə baş versin. Düzdür iki ölkə arasında münasibətlər çox gərgindir. İran çox yaxşı başa düşür ki, İsrail nüvə silahına malikdir. Nüvə silahına malik ölkə ilə müharibəyə başlamaq heç bir ölkəyə uğur gətirməz. Mən inanmıram ki, iki ölkə arasındakkı münasibətlər müharibə həddinə çatmayacaq. Əgər İsrail və İran arasında müharibə başlasa, bu təkcə Azərbaycan üçün yox, bütün regiona böyük təhlükə törədə bilər”, - deyə Eldar Namazov qeyd edib.

Həmkarlarından fərqli olaraq politoloq Araz Əlizadə isə "Ölkə.Az”a açıqlamasında bildirib ki, İsrail və İran arasında yaşanan gərginliyin Azərbaycana ciddi təsiri olmayacaq.

"İsrailin Suriyadakı İrana məxsus hərbi bazanı bombalaması böyük xuliqanlıq sayıla bilər. Lakin İsrail İran ərazisindəki hərbi bazaya həmlə etsəydi, bu ciddi münaqişəyə səbəb olardı. Düşünmürəm ki, İsrail ilə İran arasında genişmiqyaslı müharibə baş versin. Əgər bu hadisə baş versə belə, bunun Azərbaycana heç bir dəxli yoxdur. İsrail o qədər ağılsızlıq edərək İran ərazisini bombalamaz. Çünki onlar yaxşı bilirlər ki, İranla birbaşa toqquşmaya getmək İsrailə baha başa gələr. İran döyüşkən millətdir. Onlar bir dəfə Livana girdilər. Ona qədər İsrailə cavab verən olmamışdı. Hizbullah bir neçə il bundan əvvəl İsraili məğlubiyyətə uğratdı”, - deyə A.Əlizadə bildirib.