Dünya 16:03 11.12.2019

Rejissor Sokurovun Putinə verdiyi sual Kadırovu özündən çıxardı

Rejissor Aleksandr Sokurovun Putindən tələb etdiyi açıqlama Çeçenistan Prezidenti Ramzan Kadırovu özündən çıxarıb.

Qaynarinfo xəbər verir ki, Sokurov tərdbirlərin birində Putindən Çeçenistanda əməliyyat zamanı ölən Pskov desantlarına da, Kadırovun atasına da Rusiya Qəhrəmanı adı verilməsini başa düşmədiyini və bunula bağlı izah verməsini istəyib. 

Atasıyla bağlı fikirdən qəzəblənən Kadırov bu haqda Telegram kanalında sərt fikirlər yazıb.
 
Kadırov statusunda Sokurovun çeçen xalqına hörmətsizlik etdiyini vurğulayıb. "Biz olmasaydıq, o və onun kimi tiplər çoxdan ölkədən qaçar və bir təpə arxasına sığınıb Rusiyaya hürər, dövləti məhv etmək üçün alçaqcasına çalışardılar", - Çeçenistan rəhbəri bildirib.

Kadırov qeyd edib ki, Sokurov yalnız özünü piar etmək naminə Pskov desantlarını yada salır. Lakin Əhməd Hacı Kadırov bacarıqlı siyasəti sayəsində yaraqlıları tərk-silah etməyi bacarıb, bu da federal qoşunların itkilərini xeyli azaldıb. Bir çox insan Əhməd Kadırovun gərgin əməyi sayəsində xilas olub.

"Siz Rusiyanın bütövlüyünü və ölkənin cənubundakı sabitliyi qorumaq üçün qurban verilən minlərlə insan həyatının qiymətini başa düşmürsünüz", - Kadırov Sokurova müraciət edib.

Kadırov əlavə edib ki, Sokurovun özünün şəxsi fikri yoxdur, o, başqalarının iradəsini yerinə yetirir və onların tapşırığı əsasında suallar verir. O, Sokurovu "kukla ustasının əlindəki oyuncaq" ilə müqayisə edib. "İnsan olun, vətənpərvər olun, kiminsə əlində oyuncaq olmayın", Çeçenistan lideri məsləhət görüb.