Ekonomiks 16:17 14.08.2018

Rekord! 1 trilyon dollara doğru gedir

Məhsulların satışı, hostinqi, yük daşımaları və film istehsalından tutmuş bir çox işlərlə məşğul olan ABŞ nəhəngi "Amazon"un bazar dəyəri 914,7 milyard dollar olub.

Qaynarinfo xəbər verir ki, Nyu-York birjasında cümə gününü 1886 dollarla tamamlayan "Amazon"un 1 səhminin dəyəri saatlar içində 2,1 faiz artaraq 1925 dollara çataraq, şirkət tarixində ən yüksək səviyyəyə çatıb. İlərləyən vaxtlarda isə səhmlərin dəyəri yenidən ucuzlaşıb və günü 0,5 faiz qazancla tamamlayıb. Beləliklə dünyanın ikinci ən böyük şirkəti ünvanına sahib olan "Amazon"un birja dəyəri 1 trilyon dollara çatmaq üzrədir.

Digər tərəfdən şirkətin qurucusu Ceff Bezosun sərvəti də 780 milyon dollar artaraq 155,5 milyard dollara çatıb. Bununla da Bezos dünyanın ən zəngin insanları siyahısında zirvədəki yerini daha da möhkəmləndirib.

Qeyd edək ki, hazırda dünyanın birja dəyəri ən yüksək olan şirkəti "Apple"dır. Ötən bazar ertəsi "Apple"ın səhmlərinin ümumilikdə dəyəri 1,01 trilyon dollara çataraq, ilk trilyon dollarlıq şirkət olaraq olan adını tarixə yazmışdı.