Xəbər lenti

Rəngli Azərbaycan
Ölkə 16:41 27.01.2014

Rəngli Azərbaycan

Bir cəmiyyətdə nə qədər problem olar?!

Rənglərimiz qarışıb. Bu xalçanın hanası qurulandan hərə bir ovuc rəng atıb üstünə, ardınca da köntöy bir toxmaqla qarışıq ilmələrin üstünə-üstünə döyüb. Bu xalçada naxış yoxdur. İllərlə yaşıl-qəhvəyi üstünə tökülmüş qızıl-qırmızı qan gözümüzü tutmadı heç. 

Əvəzində qarasaqqalı, ağşalvarlı adamlar gəldi meydana. Mavi adamlar, çəhrayı adamlar ürəkləndilər, ortaya çıxdılar. Qırmızı adamları həbsdə çürüdüb rənglərini ala-bula elədilər. Yaşıllıqlarımızı kəsdilər. Yox, nəfəsimizi kəsdilər əslində.

Dövlət heç yubanmadan bütün rənglərinə - qarasına, ağına, qırmızısına, yaşılına, mavisinə sahib çıxmalıdır. 

Dövlət sahib çıxmayacaqsa, o yaranmış, yaradılmış özünə kənardan sahib tapacaq. Kənardan sahib çıxan da ona arxa-dayaq olacaq, onun gücünə, bacarığına inandığını, inancına hörmət etdiyini deyəcək. Həmin o yaradılmış da həvəslənəcək. İşləyəcək. Böyüyəcək. Güclənəcək. Və bir gün mütləq dövlətin baş bəlasına çevriləcək. Çünki artıq dövlətin deyil, ona maddi, mənəvi dəstək olmuş kənar qüvvənin sözünü deyəcək. 

Heç bir xəstəni, heç bir inanclını sahibsiz qoymaq olmaz. Cəmiyyət dediyimiz dövlətlə müqayisədə bir az da mücərrəd məfhumdur. Cəmiyyət necə sahib çıxsın, necə başa düşsün? Bir cəmiyyətin ki dərdinin adı “Qadınlar İnternetə girə bilərmi?”dir. Sözügedən problemləri konkret qurumlar – dövlət, QHT, birlikdə proqramlar hazırlayıb həll etməlidir. İlk növbədə güclü təbliğat maşını olan rəngli bəyləri görməmək istərdim ekranlarda, məsələn.  

Homoseksuallar yoxdur kimi davranmaq olmaz. Onlar var. Onlar çoxalırlar. Seçimidir, seçimi deyil, bu, başqa mövzudur. İstənilən halda belə bir mühitdə ən ağır mənəvi əzabı özləri çəkirlər. 

Mövqeyim konkretdir. Eybəcər bəzənmiş, zövqsüz geyinmiş, qadın olmağı şəhvətlə yanbız burcutmaq kimi başa düşən insanların paradlarından iyrənmişəm həmişə. Mən ölkəmdə belə bir parad görmək istəmirəm! 

Bütün dünyada kişi və qadınların illərlə nikahsız yaşayıb uşaq sahibi olduqları vaxtda eynicinslilərin nikah davası eləməyi çox mənasız və gülüncdür. Və təbii ki, məqsədlidir. Birlikdə yaşamaq istəyirsən, get yaşa. Onsuz da sənin çevrən səninlə həmfikir, həmoriyentasiya olanlardır. Sənə daha nə lazımdır?

Eyni proses cənnət həvəsli radikal dindarlarda da gedir. Müsəlmansan, namazında, orucunda, halallığında. Nə gözəl. Allah köməyin olsun. Əlinə silah almaq nədir, pul vədinə, cənnət vədinə müsəlman qardaşını öldürmək nədir? Müsəlman qadına təcavüz nədir? 

Ailə institutunun dağıdılması prosesi sürətlənir. Onsuz da bədbin kişilər, nikbin qadınlar ölkəsində ailəni qorumaq ağır bir yükə çevrilib. Bir tərəfdən də radikal dindarlar və rənglilər bu prosesə öz “töhfələrini verirlər”.  

Dövlət tezliklə öz sözünü deməlidir. Suriyada qanına qəltan olan gənclərə, rəngini dəyişmiş gənclərə, özünü yandıran qazilərə, canına qıyan əsgərlərə - hər bir vətəndaşına sahib çıxmalıdır.  

Qoy Azərbaycan rəngli olsun.

Amma hər rəng öz yerində olsun.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->