Rəqs edən sürücü və zavallı qurbağalar…

Rəqs edən sürücü və zavallı qurbağalar…

Vüsal Bağırlı

Deyilənə görə, Türkmənbaşı ölkənin hansısa bölgəsinə səfərə hazırlaşırmış. Sinoptiklər isə həmin bölgədə havanın isti və quru keçəcəyini proqnoz edirlər.

Beləliklə, prezident səfərə çıxır. Avtomobil korteci tarlanın qarşısında dayanır. Hər şey hazır vəziyyətdədir. Yerə xalı-xalça salınıb, kameralar çəkiliş aparır, tv, qırmızı lent, mikrofonlu tribuna, ictimaiyyət nümayəndələri də öz yerində. 

Elə prezident maşından düşməkdəykən, qəflətən gör guruldayır, ildırım çaxır. Yağış elə tökür, elə yağır sanarsan yer-göy birləşib.  Filmdə deyildiyi kimi, "tut ucundan göyə çıx”.

Səhərisi, hidrometeorologiya (elə bil yanıltmacdı) idarəsinin bütün işçiləri fəxri fərmanla təltif olunurlar. Əlbəttə, bu bir zarafat idi. Çünki, aqibət məlum idi, işdən azad olunmaq. Özü də, hamı bir nəfər kimi.

Bəli, yağış özüylə sel, daşqından əlavə, bəzən maraqlı hadisələr, gözlənilməzliklər də gətirir.  

Biri ilə dünən başıma gələnləri götürək.

Səhər metrodan çıxar-çıxmaz, yağış elə gücləndi ki, özümü itirdim. Əvvəlcə, seyrək çətirli ağacın altında dayandım. Bir xeyri olmadı.

Qaçıb, dayanacaqda böyür-böyürə bir-birinə qısılmış adamların arasına güclə dürtülə bildim.

Taksi sürücüləri də cəld öz avtomobillərinə doluşdular. Tək bircəciyindən başqa.

Gənc oğlan gur yağışın altında dayanıb, şıdırğı rəqs edir, tullanıb-düşür, uşaq kimi sevinirdi.

Ala mən ölüm bura gəlin, yağış deyil e, gözəllikdir, səhər şehidir. Ala nə özünüzü küncə-bucağa soxub gizlənirsiniz? Çıxın yağışın altına, qoy bədəninizə külək dəysin, hava dəysin, su dəysin.

Onun bu əhvalı hamını elə şənləndirdi ki, bir də onda ayıldıq, dayanmışıq şıdırğı tökən leysanın altında. Hamının kefi kökəldi, əhvalı duruldu. Sanki, Hindistan filmindən bir epizod idi.

İşə çatanda, bədənim artıq cumculuq su idi. Köynəyim də yapışmışdı bədənimə...

Uşaq vaxtı inanırdım ki, amfibiyaları, qurbağanı, kərtənkələni öldürəndə yağış yağır. 

Bir dəfə, uşaqlar arxın kənarında otlarım içi, səkinin kənarı ilə ora-bura tullanan qurbağanı daşla əzdilər. Və axşam həqiqətən də hava yağmurlu oldu. İnamım daha da möhkəmləndi.

Sonrakı günlər  bu zavallı, nəcib canlıların qətliamı davam etməkdə idi və minvalla daha bir neçə qurbağa həyata əlvida dedi.

Amma, bu dəfə səbəb-nəticə əlaqəsi özünü doğrultmadı, yağış yağmadı.

Anamdan niyə belə olduğunu soruşdum. Onun cavabı qəribə və maraqlı idi:  "bəzən belə şeylər olur, göylər hesablamada kiçicik səhvlərə yol verirlər. Qurbağanı İmişlidə öldürürsən, yağış isə tamam başqa yerdə, planetin başqa guşəsində, Mozambikdə zadda yağır.”

Bu hal indi də məndə qalır. Yağış yağanda elə bilirəm ki, haradasa qurbağa öldürürlər.
XƏBƏRLƏR
BLOGLAR