İdman 18:14 12.10.2018

Rəşad Sadıqov: "Onun milliyə çağırılmaması "like" məsələsinə görə deyildi"

"Bizi çətin oyun gözləyir. Bu seçmə mərhələdə istədiyimiz nəticəni qazana bilmədik. Buna baxmayaraq, oyuna çıxıb yaxşı nəticə əldə etmək istəyirik"

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Sadıqov Norveçlə səfərdə keçirəcəkləri Avropa çempionatının seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.

Oyunla bağlı danışan baş məşqçi səfər planını açıqlayıb: "Norveçə qarşı son oyundu. Yaxşı əhval-ruhiyyədə oyuna hazırlaşırıq. Norveçin gücü bəllidi. Çətin oyun olacaq. Amma bizim də öz məqsədlərimiz var. Oyuna inamla hazırlaşırıq. İlk oyunu izləyib səhvlərimizi nəzərdən keçirmişik. İlk görüşün ikinci hissəsində 5 dəqiqədə etdiyimiz səhvlərə görə məğlub olduq. Çalışacağıq ki, həmin səhvləri təkrarlamayaq. Rəqibə öz oyununu göstərməyə icazə vermək istəmirik. Bir neçə gənc futbolçumuz da görüşdə iştirak edəcək. Mənim üçün ən vacib amil budu. Federasiya rəhbərliyindən üç gün əvvəldən səfərə getməyimizi xahiş etdik. Orada iki gün məşq edəcəyik. Möhkəm yorğunluq olacaq. Oyunda fiziki durumumuzun yaxşı olmağını istədik".

Rəşad Sadıqov legioner həyatı yaşayan futbolçularımızın əksəriyyətinin öz klublarında mütəmadi çıxış etməməsinə görə narahatdı: "Bizim ən böyük problemimiz budu. Oyunçuların özlərinə də deyirəm ki, oynaya biləcəkləri kluba keçsinlər və ya baş məşqçiləri ilə danışıb, oyun vaxtı əldə etsinlər. Çünki yaxşı nəticələr əldə etmək üçün oyunçularımızın oyun praktikası və fiziki vəziyyəti yaxşı olmalıdı".

Çalışdırıcı Renat Dadaşovun milliyə çağırılmamasının səbəbini açıqlayıb: "İlkin siyahımda o var idi. Adını sonradan çıxardım. "Like" məsələsinə görə deyildi. Mənə 14-ü, 19-u oyunu olduğunu dedi. O oyunlarda oynamaq istədiyini gördüm. Ondan sonra adını heyətdən çıxarmağa qərar verdim. Dedim ki, maya qədər milliyə çağırmayacam". 

Baş mşqçi Rahil Məmmədovun əsas millidəki çıxışına da toxunub: "Şəxsən məni Rahilin oyunu qane etdi. Nəzərə alsaq ki, birinci oyunu idi. Böyük təzyiqli oyun idi. Düzdü. inamsız epizodlar var idi. Kimdənsə pis oynadığını deyə bilmərəm. Rahil pis çıxış etmədi. O ki qaldı aşağı yaş qrupundakı materiala, bunu hamımız çox gözəl bilirik. Məncə, hamımız hər şeyi aydın görürük".

Rəşad Sadıqov U-21-in oyunçularından olan Barış Ekincierinin Türkiyə millisinə keçmək ehtimalından da danışıb: "Barış çox bəyəndiyim futbolçudu. Onu U-19-dan tanıyırdım. Bizim gəlişimizdən sonra debüt etdi. Özü ilə də danışmışam, Azərbaycan millisində çıxış etmək istəyir. Amma Barış kimi bir neçə oyunçunun da digər millilərdən təklif almaq ehtimalı var. Çalışırıq ki, münasibət quraq və millimizi seçməyinə yardım edək".