İdman 12:20 20.03.2014

Rəşad Sadiqov "Neftçi"dən gedir?

"Neftçi"də Rəşad Sadiqov müəmması yaşanır. Belə ki, kapitan artıq 4 oyundu heyətdə görünmür. 

Onun da nə "İnter"lə kubok matçlarının, nə də Premyer Liqanın "Qəbələ" və AZAL-la oyunlarının protokoluna salanıb.

Baş məşqçi Böyükağa Hacıyev Rəşada istirahət verdiyini deyir. Özü də tezliklə qayıdacağını vurğulayır. Amma əslində Hacıyev kapitana təqvimin belə sıx olduğu vaxtda, vacib qarşılaşmaların baş tutduğu məqamda istirahət verməyib. Sadəcə, Sadiqov cəzalandırılıb.

"Neftçi"nin ardıcıl uğursuz nəticələrə imza atdığı dövrün qurbanlarından biri də Cavid İmamverdiyevlə yanaşı, Rəşad olub. Kapitan intizamsızlıq səbəbindən əsas heyətdən kənarlaşdırılıb. Hətta ona əvəzedici heyətlə məşq etmək də tapşırılıb. Rəşadın əsas heyətə nə vaxt dönəcəyi, ümumiyyətlə dönüb-dönməyəcəyi bəlli deyil. Bəlli olan odu ki, kapitanın komanda ilə müqaviləsi yayda başa çatacaq. Yəni ki, Sadiqov yayda komandanı tərk edə bilər...

Fanat.az