Siyasət 18:20 19.07.2013

Rəsmi Bakı Avstraliyaya xəbərdarlıq etdi

 Xarici İşlər Nazirliyində növbəti dəfə mətbuat konfransı keçirilib. 

Modern.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çıxışında ilk əvvəl jurnalistləri təbrik edib.

O, Azərbaycan mediasının önəmindən danışaraq bildirib ki, dövlət də jurnalistikanın inkişafında maraqlıdır. XİN rəsmisi qeyd edib ki, o, Azərbaycan mediasının durumundan razıdır.

Elman Abdullayev daha sonra işğal altında olan torpaqlarımıza Azərbaycanın icazəsi olmadan qanunsuz səfərlərdən danışıb. Onun sözlərinə görə, bəzi qərəzli siyasətçilər Qarabağa səfər edərkən əslində öz ölkələrinə hörmətsizlik nümayiş etdirirlər.

XİN rəsmisi bildirib ki, Azərbaycan buna qarşı ictimai diplomatiyadan da istifadə edir. O qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar və siyasi dairələrin nümayəndələri Azərbaycanın ərazi bütövlyünə hörmət edərək Dağlıq Qarabağa səfər edərkən XİN-dən icazə alırlar. “Lakin bəzi nümayəndələr erməni diasporasının təsiri nəticəsində işğal altında olan ərazilərə səfər gerçəkləşdirib”-deyə vurğulayıb. O, Avstraliya tərəfinə Azərbaycanın mövqeyinin çatdırıldığını da bildirib.

E.Abdullayev mətbuat konfransında daha sonra ATƏT-in Misnk qrupunun fəaliyyətindən söz açıb. Bildirib ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdır.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və həmin dövlətlərin dəstəyi ilə qətnamə qəbul olunub.

“Bilirik ki, Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı qətnamələri mövcuddur. Ancaq bu gün Təhlükəsizlik Şurasının daimi üzvü olan bu ölkələr bu gün obyektiv mövqe nümayiş etdirmirlər. ATƏT-in Minsk qrupu öz fəaliyyətini, aktivliyini artırmalıdır”-deyə XİN rəsmisi vurğulayıb.