Siyasət 11:10 20.04.2013

Rəsul Quliyevin partiyasından mitinq AÇIQLAMASI

Sülhəddin Əkbər: “Ehtiyac olacağı halda Rəsul Quliyev cəmiyyətə müraciət edəcək”

"Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) aprelin 28-də Bakıda demokratik seçkilərin keçirilməsi, əsgər ölümlərinə son və korrupsiyaya qarşı mübarizə tələbi ilə mitinq keçirmək niyyətindədir". Bu barədə “Yeni Müsavat”a açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər məlumat verib.

Onun sözlərinə görə, aprelin 16-da Bakı Şəhər İcra Hakimiyyətinə mitinqə şərait yaradılması üçün məktub göndərilib. Göstərilən üç yerdən birində mitinqin keçirilməsinə icazə verilməsi üçün xəbərdarlıq məktubu göndərilib: “Təbriz” kinoteatrının qarşısı, “Dərnəgül” metro stansiyasının qarşısı və 4-cü mikrorayonda “Qızıl tac” şadlıq evinin arxasındakı meydan".

S.Əkbər xatırlatdı ki, bu ünvanlar Bakı Şəhər İcra Hakimiyyətinin özünün kütləvi aksiyalar üçün ayırdığı yerlərdir. Meriya bunu nəzərə almalıdır.

S.Əkbər mitinqə hazırlıq getdiyindən də danışdı: “Hazırlıq ciddi gedir. Mən Məşvərət Məclisindəki bütün partiyaların adından danışa bilmərəm, ancaq bizim partiyada 28 aprel mitinqinə ciddi hazırlıq işləri aparılır. O biri partiyaların işinə qarışa bilmərik. Amma son toplantımızda onların rəhbərliyindən xahiş etmişəm ki, bu mitinq məsələsinə ciddi yanaşsınlar. Biz hər partiya təxminən nə qədər adamı mitinqə çıxara biləcəyini müəyyən eləməyə çalışırıq”.

“Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin bu mitinqə münasibəti necədir? Rəsul Quliyev tərəfdarlarına, cəmiyyətə 28 aprel mitinqinə qatılmaq üçün müraciət edə bilərmi?” sualına S.Əkbər belə cavab verdi: “Bu barədə hələlik müzakirələrimiz olmayıb. Ehtiyac olacağı halda Rəsul Quliyev də müraciət edəcək. Yəni o da bizim təbii ki, əsas resurslarımızdan biridir”.BŞİH müraciətə mənfi cavab verəcəyi halda razılaşdırılmamış mitinqin olub-olmayacağına gəlincə, ACP sədri dedi ki, DQMM-də 12 partiya var onların hamısı yığışıb yaranmış vəziyyəti müzakirə etdikdən sonra bu barədə dəqiq fikir söyləmək olar.


Qaynar.info