Sənət 10:00 26.04.2014

Rəsulzadə haqqında yeni tədqiqat - TARİX

Tarix elmləri doktoru Aydın Balayevin “Məmməd Əmin Rəsulzadə (1884-1955). Siyasi portret” monoqrafiyası Kitab Klubu tərəfindən yüksək poliqrafik səviyyədə nəşr olunmuşdur. Kitabda M.Ə. Rəsulzadənin bu günlük ən müfəssəl və dolğun siyasi bioqrafiyası əks olunmuşdur.

A. Balayevin yeni kitabında M.Ə. Rəsulzadənin siyasi arenada ilk addımlarından başlamış ömrünün sonuna kimi Azərbaycanın istiqlalı uğrunda aradığı yorulmaz mübarizə son illərdə Fransa, Polşa, Gürcüstan, Rusiya və dünyanın digər ölkələrinin arxivlərində aşkarlanmış tarixi sənədlər əsasında bütün təfərrüatları ilə işıqlandırılır. Həmin arxiv sənədlərinin bir çoxu ilk dəfədir ki, elmi dövriyyəyə daxil edilir.

Kitabın elmi redaktorları t.e.d. M.N. Quboqlo (Rusiya Elmlər Akademiyasının Etnologiya İnstitutu) və Parisdə yerləşən İctimai elmi tədqiqatlar Ali məktəbinin doktoru G. Mamulia, rəyçiləri isə Egey Universitetinin (Türkiyə) professoru Y. Akpınar və t.e.d. S. İsxakovdur ( Rusiya Elmlər Akademiyasının Rusiya tarixi İnstitutu). Kitab M.Ə. Rəsulzadənin 130 illik yubileyi münasibətilə nəşr olunmuşdur. 


ANN.Az