Ölkə 20:20 23.01.2014

Rəsulzadəyə həsr olunan sərginin vaxtı bilindi

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərgi təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Qaynar.info-ya verilən məlumata görə, yanvarın 28-də, saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri, görkəmli ictimai xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərgi təşkil olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22 noyabr 2013-cü tarixli sərəncamının icrası ilə əlaqədar olaraq Mədəniyyət və Turizm və Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının və digər aidiyyəti qurumların təklifləri əsasında hazırlanmış Tədbirlər Planına əsasən təşkil olunacaq sərgidə M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən, tarixçi Ədalət Tahirzadənin şəxsi arxivindən 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər nümayiş etdiriləcək.