Dünya 18:50 07.02.2018

Ruhani əsgərlərinə müraciət etdi: "Əlinizdəki hər şeyi satın"

İran prezidenti Həsən Ruhani ölkə iqtisadiyyatını xilas etmək üçün İran ordusu və İnqilab Keşikçilərinə müraciət edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Ruhani ABŞ sanksiyalarının hədəfi olan İnqilab Keşikçiləri və İran ordusundan enerji və ticarət gəlirlərindən imtina etmələrini, əllərindəki hər şeyi satmalarını istəyib. O "Sadəcə Sosial Təhlükəsizlik Qurumu yox, bütün hökümət sektoru, banklar, ticarət şirkətləri satılmalıdır. Bu, ölkə iqtisadiyyatının tək xilas yoludur. Hökümət üzvləri, ordu üzvləri də ticarət işlərindən imtina etməlidir" açıqlamasını verib. 

İrana enerji və ticarət sahəsində tətbiq edilən sanksiyalar 2016-cı ildə yüngülləşdirilsə də, böhran hələ də davam edir. Ölkə neft ixracını artırsa da, hələ ciddi nəticə əldə edilməyib. 

İnqilab Keşikçiləri 1980-1988-ci illər İran-İraq müharibəsindən sonra iqtisadi fəaliyyətə başlayıb. 1989-cu ildə sabiq prezident Əkbər Haşimi İnqilab Keşikçilərindən oxşar fikirləri səsləndirmiş, əllərindəkini ölkənin yenidən qurulmasına xərcləməyi istəmişdi.

Gülşən