Sənət 11:16 19.09.2019

Rumıniya Azərbaycan şairini Nobelə təqdim edib, ancaq...

Hazırda Türkiyədə yaşayan tanınmış Azərbaycan şairi Məmməd İsmayılın Rumıniyadan Nobel mükafatına təqdim olunması barədə xəbər yayılıb.

Kulis.az məsələni dəqiqləşdirmək üçün şairin özü ilə əlaqə saxlayıb. M.İsmayılın açıqlamasında söhbətin keçən ildən getdiyi məlum olub:

"2017-ci ilin payızında Rumınyanın Graiova şəhərində yerləşən Mihai Emunecu Beynəlxalq Ədəbiyyat akademiyası 2018-ci il üçün Ədəbiyyat üzrə Nobel mükafatına məni təqdim etmişdi. Bu hadisəni o zaman ictimailəşdirmək doğru olmazdı. Nobel komitəsi özü namizədləri elan etmədən mətbuata xəbər vermək olmaz. Sonralar Nobel komitəsində problemlər yaşandığından 2018-ci il üçün mükafat verilmədi. Tərslikdən 2018-ci ilin sonlarında məni mükafata təqdim edəcək akademiyada da bəzi problemlər yaşandı və 2019-cu il üçün Nobel komitəsinə təqdimat gecikdi. Vəziyyət belədir, gələcəkdə nə olacaq, onu gələcək göstərəcək”.

Daha sonra M.İsmayıl əlavə edib:

"Təqdimat çox əsaslandırılmış yazılmışdı və üç Nobel mükafatçısı da başqaları ilə birlikdə imza atmışdı. Şanssızlıq kəçən il mükafatın, ümumiyyətlə, verilməməsi oldu. Mən demirəm, mükafat mütləq mənə veriləcəkdi, amma ən azından namizədlərin adları dünya basınında yer alacaqdı. Artıq buna qismət deyək”.