Siyasət 17:33 04.03.2013

“Rusiya Azərbaycana təzyiq etmək istəyir” (MÜSAHİBƏ)

Qüdrət Həsənquliyev: “Kremlin iqtisadi baxımdan Azərbaycana təsir etmək imkanları Gürcüstandan fərqli olaraq xeyli məhduddur”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. Qaynar.info həmin müsahibəni təqdim edir: 

- Qüdrət bəy, bildiyiniz kimi Gürcüstan prezidenti Mixail Saakaşivlinin Azərbaycana səfəri və bu səfərdən sonra Rusiyanın Azərbaycan və Gürcüstanla bağlı planları barədə verdiyi açıqlama son günlərin ən çox müzakirə olunan mövzularından biridir. Saakaşvilinin səfərini və bəyanatını necə dəyərləndirirsiniz?

- Hazırda Rusiya ilə Azərbaycan arasında faktiki olaraq əsəb müharibəsi gedir. Tərəflər bir-birini sadəcə qıcıqlandırmaq barədə düşünür və bu istiqamətdə addımlar atırlar. Azərbaycanın addımları daha çox cavab xarakteri daşıyır. Saakaşvilinin Azərbaycana dəvətini də məhz bu konteksdən dəyərləndirmək lazımdır. Ona görə ki, Saakaşvili hazırda Gürcüstanda heç bir səlahiyyəti olmayan, Gürcüstan-Azərbaycan münasibətlərinin indikindən daha yüksək səviyyədə inkişaf etdirilməsinə töhfə verə bilməyəcək bir prezidentdir. Bu baxımdan, Saakaşvilinin Azərbaycana dövlət səviyyəsində görüşə dəvət edilməsi baş nazir İvanaşvilini qıcıqlandırmaya bilməzdi. Azərbaycanda yüksək səviyyədə qəbuldan sonra Saakaşvili həm də Gürcüstan ictimaiyyətinə göstərdi ki, Azərbaycan üçün önəmli bir tərəf müqabili və dost orlaraq qalmaqdadır. Səfərdən Saakaşvilinin əldə etdiyi fayda bundan ibarətdir. Hesab edirəm ki, Saakaşvili Gürcüstanda Azərbaycanın eşitmək istədiyi və dünya ictimaiyyətinə çatdırılması zəruri olan bir bəyanatı verdi. Bu da ondan ibarət idi ki, Rusiya Azərbaycanda da Gürcüstandakı kimi çevriliş hazırlamağa çalışır. Saakaşvilinin bəyanatına Novruz Məmmədovun timsalında rəsmi münasibətə gəldikdə isə düşünürəm ki, Prezident Adminstrasiyası təmsilçisinin «Azərbaycanda belə bir məsələ müzakirə olunmayıb» deməsi öncədən düşünülmüş bir yanaşmadır.

- Novruz Məmmədov eyni zamanda bildirib ki, Azərbaycanla Gürcüstan arasında müəyyən paralellər aparmaq mümkün olsa da Azərbaycandakı vəziyyət xeyli fərqlidir…

- Hesab edirəm ki, Novruz Məmmədov haqlıdır. Azərbaycanda Gürcüstanda olduğu kimi çevriliş etmək həddindən artıq çətindir. Bu istiqamətdə ciddi addımların atıldığı da nəzərə çarpmır. Keçmiş Sovet respublikalarında baş verən məxməri inqilablar zamanı müşahidə etmişdik ki, həmin ölkələrin müxalifətinə əsas prosesdən xeyli öncə böyük məbləğdə maliyyə vəsaiti ayrılır. Elə bir səviyyədə ki, bunu cəmiyyət də hiss edir və siyasətçilər də bu maliyyədən qarşılarına qoyulan məqsədlər üçün faydalanırlar. Azərbaycanda isə müxalifətə belə bir dəstək yoxdur. Kimsə deyə bilər ki, gizli olub. Amma əgər gizli olubsa bunun mənası nədir? Ayrılan vəsait hansısa bir siyasətçinin varlanması üçün deyil ki? Bu vəsaiti ayıran qruplar da, dövlətlər də bu vəsaitin real siyasi işə sərf olunacağını gözləyirlər. Bu baş vermədikdə isə həmin o şəxslərdən ayrılan vəsaitlərin hesabatı tələb olunur. Bunun üçün düşünürəm ki, Rusiya Azərbaycana sadəcə təzyiq etmək istəyir. Amma hakimiyyətin dəyişdirilməsində Rusiyanın maraqlı olduğunu düşünmürəm. Mən həmişə demişəm ki, rəsmi Moskva Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquqa və yaxın qonşuluq prinsiplərinə uyğun mövqe sərgiləməyəcəyi təqdirdə Azərbaycanda heç bir hakimiyyət Rusiyaya indikindən daha yaxın münasibət bəsləyə bilməz. Bütün Azərbaycan cəmiyyəti bilir ki, Azərbaycan torpaqların işğal olunmasında və indiyədək işğal altında qalmasında əsas günahkar Rusiyadır. Rusiya bu məsələdə öz mövqeyində dəyişiklik etmədən, yəni daha ədalətli və demokratik cəmiyyət şüarlarıyla Azərbaycanda heç bir şey edə bilməz. Ona görə ki, Rusiyanın özündə bu sahədə vəziyyət həddindən artıq kritik və acınacaqlıdır. Bu səbəbdən, Avropanın sadaladığım şüarlarla Azərbaycan cəmiyyətinin müəyyən bir hissəsinə təsir etmək imkanları varsa, Rusiyanın belə bir imkanı yoxdur. Rusiyada bunu çox gözəl başa düşürlər. Rusiyanın iqtisadi baxımdan da Azərbaycana təsir etmək imkanları Gürcüstandan fərqli olaraq xeyli məhduddur. Rusiya öz bazarlarını Gürcüstan üçün bağlamaqla Gürcüstana böyük məhrumiyyətlər yaratdı. Azərbaycan üçün belə bir təhlükə yoxdur demək, bəlkə də, doğru olmazdı. Amma bu təhlükənin miqyası Gürcüstan səviyyəsində deyil. Bu baxımdan düşünürəm ki, Rusiya sadəcə olaraq seçki öncəsi Azərbaycanda öz maraqlarını daha çox təmin etmək üçün çaba göstərir. Lakin ciddi dəyişikliklər üçün real addımlar atmaq iqtidarında və niyyətində deyil. Rusiyanın Azərbaycana qarşı qoymaq istədiyi adamlar da Azərbaycan iqtidarı yaxından bağlıdırlar. Əgər onları hansısa addımlara məcburi etmək istəsələr də belə mən əminəm iki, 1-2 nəfər istisna olmaqla, bu adamların çoxu Rusiyanın planları barədə Azərbaycan hökumətini məlumatlandıracaq, özləri isə bu prosesdə səmimi qəlbdən iştirak etməyəcəklər. 

Rusiya Azərbaycanda 1993-cü ildə olduğu kimi ayrı-ayrı etnik qrupları və onların yaşadıqları əraziləri nəzarətdən çıxarmaqla, separatizmi stimullaşdırmaqla  qiyam, siyasi böhran yaratmağa cəhd göstərə bilər. Amma bu da çox çətin bir məsələdir. Rusiyanın yarada biləcəyi digər bir təhlükə isə Ermənistanın əliylə atəşkəsin pozulması, Azərbaycandan yeni ərazilərin qəsb edilməsinə cəhdlə bağlı ola bilər. Bunun da çox çətin olduğunu düşünürəm. Orduda olan bütün nöqsanlara baxmayaraq Azərbaycan ordusu bunun qarşısını almaq gücündədir. Doğrudur, hücuma keçərək işğalda olan torpaqlarımızı geri almaq çətin vəzifədir. Çünki hücum edən tərəf çox böyük üstünlüyə malik olmalıdır. Amma müdafiə olunan tərəf üçün hətta özündən daha üstün qüvvənin qarşısını almaq mümkün olan vəzifədir. Düşünmürəm ki, Ermənistanın hətta Rusiyanın köməkliyi ilə olsa da belə Azərbaycanın yeni torpaqlarını zəbt etmək imkanı var. Deməli, bu da Rusiya üçün əlverişsiz bir seçimdir. Bütün bunları nəzərə alıb hesab edirəm ki, Rusiya Azərbaycana təzyiq göstərməklə öz maraqlarının təmin olunması üçün daha çox güzəştlər əldə etmək niyyəti güdür. Digər tərəfdən, Rusiya heç zaman Qərbin oynadığı oyunlarda yer ala bilməz, çünki Qərbin dəstəyi ilə həkimiyyətə gələn qüvvə bütün hallarda Qərbə daha yaxın olacaq və təbii ki,  Rusiya bundan daha çox itirəcək. Bu səbəbdən də Rusiyanın Azərbaycanda Qərblə əlaqəli hansısa siyasi layihələr gerçəkləşdirəcəyi də inandırıcı deyil. 

- Bu konteksdə Azərbaycanda «üçüncü qüvvə» adı altında «Milli Şura»nın, «El hərəkatı»nın yaradılmasını necə qiymətləndirirsiniz? 

- Bu cəhdlər heç bir nəticə verməyəcək. Dəfələrdə demişəm ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Azərbaycanın ictimai-siyasi həyatında ortalıqda olan və sayı barmaqla sayılacaq qədər  az olan insanlar var. Bu insanların hansısa nisbətdə ayrı-ayrı qruplarda birləşməsi, yaxud sonradan bir araya gəlməsi heç nəyi dəyişmir. Yeni insanların, yeni kütlələrin siyasətə qoşulması prosesi Azərbaycanda baş vermir. Bu baş vermədikdə isə ortalıqda olan insanların 3 bir, 5 bir toplaşmasının cəmiyyət üçün siyasi əhəmiyyəti yoxdur və olmayacaq və yoxdur da...

- Sizcə, nə üçün son zamanlar siyasi partiyalar yox, siyasi hərəkatlar yaranır?

- Ona görə ki siyasi partiyanın yaradılması üçün minimum 1000 nəfərin iştirakına ehtiyac var. Hərəkat yaratmağa 3-4 adam da bəs eləyir. Maksimum 10-15 adam da bir yerə yığışıb özünü hərəkat elan edə bilər. Bu səbəbdən də son zamanlar hərəkat yaradılması dəbdədir. Bizim cəmiyyətin siyasiləşmədiyini nəzərə alsaq siyasi partiyanın yaradılması məqsədilə 1000 nəfərin bir araya gətirilməsi həddindən artıq çətin bir vəzifədir. Milli Şuraya gəldikdə isə bu da heç nəyi dəyişməyəcək. Azərbaycanda artıq Məşvərət Şurası var, eyni funksiyanı yerinə yetirən İctimai Palata da var… İndi bunun adını «hərəkat», «mili şura» qoymursan nə qoyursan qoy, onsuz da bu qruplarda eyni narazı elektorat təmsil olunur. Məşvərət Məclisinin üzvləri vaxtilə İctimai Palatada təmsil olunurdular. Sonra eyni adamlar gedib Məşvərət Məclisi yaratdılar. Bu nəyi dəyişdi ki, yenə də eyni adamların təmsil olunduğu Milli Şura, yaxud hərəkat nəyisə dəyişsin. Bu təxminən domino oyununa bənzəyir. Nə qədər qarışdırırsan qarışdır, bir tərəf yerdən daha çox, digəri isə daha az daş götürsün, nəticədə ümumi xalların sayı dəyişmir… Bu gün həmin o düşərgədə baş verənlər domino effektindən uzağa getmir. Amma bizim arzuladığımız bir məsələ var. Bu cür mənasız strukturlar yaratmaqdansa iqtidarı inandırmaq lazımdır ki, yuxarıdan islahatlara başlasın, syiasi paritiyaların cəmiyyətdəki rolunun artırılmasına çalışsın. Əgər siyasi sistem inkişaf etməzsə bu sonda xoşəgaləməz proseslərə gətirib çıxara bilər. Güclü müxalifət olmadığı üçün hakimiyyət islahatlar aparmağa maraqlı görünmür. Bu islahatların aparılmaması isə cəmiyyətdə qlobal deqrodasiya prosesinin baş verməsinə zəmin yarada bilər. Son nəticədə isə bu ciddi fəsadlara və siyasi sistemin çökməsinə yol aça bilər. İqtidarı inandırmaq lazımdır ki, bu günkü vəziyyətdən arxayın olub islahatları yubatmasınlar və cəmiyyət irəli getsin.

- Bir məsələyə də münasibət bildirməyinizi istəyərdik. Bildiyiniz kimi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərilə görüşüb. Bu görüşün danışıqlar prosesinə təsir göstərəcəyi nə dərəcədə realdır?

- Elmar Məmmədyrovun görüşündən yaxşı heç nə gözləmirəm. Hesab edirəm ki, bu səfər də növbətçi səfərlərdən biridir. Dağlıq Qarabağ münaqişəsinin həlli indiki mərhələdə xeyli dərəcədə problemli görünür. Ona görə ki, qonşu dövlətlər, beynəlxalq birlik bu problemin həllində maraqlı deyil. Digər tərəfdən Azərbaycan müharibəyə başlayacağı təqdirdə ortada ölkəmizə müttəfiq ola biləcək, dəstək verə biləcək bir dövlət görmürəm. Birinci Qarabağ savaşında bunun şahidi olduq. Bu dövr ərzində bizim Türkiyədən başqa heç bir dövlətlə qarşılıqlı hərbi yardım haqqında sazişimiz yoxdur. Türkiyənin də müharibəyə aktiv tərəf kimi qatıla biləcəyini düşünmürəm. Azərbaycan Qərbdən də bu dəstəyi ala bilməyəcək. Birinci Qarabağ savaşında işğalçıya deyil, öz torpaqlarını müdafiə edən Azərbaycana qarşı 907-ci düzəlişin, sanksiyanın tətbiq edilməsi bunu sübuta yetirir. Azərbaycan xalqı müharibəyə hazır deyil. Eyni zamanda da daha öncə qeyd etdiyim kimi ordumuzun indiki güclə hücum əməliyyatlarına başlaya biləcəyini və problemi tamamilə həll edə biləcəyini düşünmürəm. Bunun üçün də hesab edirəm ki, indiki mərhələdə xalqla səmimi olmaq və müharibəyə nə üçün başlaya bilməyəcəyimizin səbəbləri barədə açıq danışmaq lazımdır. «Biz müharibəyə başlayıb problemi həll edə bilərik, lakin başlamırıq» demək isə xalqla, yumşaq şəkildə desək qeyri-səmimi münasibətin göstəricisidir. Anlaşılmır, yəni necə olur ki, sənin işğalçını öz torpaqlarından qovmaq imkanın var, amma bu addımı ona görə atmırsan ki, problemi sülh yolu ilə həll edəcəyəm… Xalqa açıq şəkildə deyilməlidir ki, niyə biz torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyytlara başlaya bilmirik. Bu «niyə»nin aradan qaldırılması üçün isə Azərbaycan ciddi şəkildə işləməlidir. İşğalın davam etməsinə səbəb Rusiya faktorudursa, deməli bu faktorun neytrallaşdırılmasının yolları barədə düşünmək lazımdır. Ya gərək böyük güclərlə, Amerika ilə, Avropa ilə elə münasibətlər qurasan ki, onlar Rusiyaya münaqişənin həlli üçün ciddi təzyiqlər göstərsinlər, ya da Rusiyanın özü ilə problemin həlli ilə bağlı razılıq əldə olunmalıdır. Üçüncü yol isə müharibə yoludur. Bunun üçün də uşaqdan böyüyə kimi hamı müharibəyə hazır olmalı, güclü peşəkar ordu qurulmalıdır. Erməni tərəfi də əmin olmalıdır ki, beynəlxalq hüquqa hörmət etmədiyi, Azərbaycan torpaqlarından geri çəkilməyəcəyi təqdirdə müharibə qaçılmazdır və bu müharibə erməni xalqı üçün çox ciddi fəlakətlərlə nəticələnəcək. Təəssüf ki, bu istiqamətlərdən heç birinə tərf bu gün real addımlar atılmır…

Qaynar.info