Dünya 17:35 14.03.2018

Rusiya diplomatları Britaniyadan qovulur

Böyük Britaniyanın baş naziri Tereza Mey 23 rus diplomatın ölkədən deportasiyası barədə qərar verib.

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, diplomatların ölkəni tərk etməsi üçün 1 həftə vaxt verilib. Baş nazir sabiq rus agenti Sergey Skripalın zəhərlənməsində Rusiyanı ittiham edib və Britaniyadakı agent şəbəkəsini məhv edəcəklərini açıqlayıb. 

Mey Rusiya ilə əlaqələrin tamamilə kəsilməsinin milli maraqların əleyhinə olduğunu deyib. Lakin bu ölkə ilə yüksək səviyyədə bütün əlaqələrə son qoyulacaq. 

Rusiya xarici işlər naziri Sergey Lavrovun İngiltərəyə səfəri ləğv edilib. İngiltərə kral ailəsinin heç bir nümayəndəsi bu il Rusiyada keçiriləcək Dünya çempionatında iştirak etməyəcək. Böyük Britaniya vətəndaşları və ya burada yaşayan şəxslərin həyatı üçün təhlükə yarandıqda Rusiyanın İngiltərədəki mülklərinə qadağa qoyulacaq. 

Sabah məsələ ilə bağlı NATO-da iclas keçiriləcək. Tereza Mey həmçinin BMT Təhlükəsizlik Şurasını təcili görüşə çağırıb.

Gülşən