Ukrayna ordusunun Krımdakı hərbi birləşmələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
Rusiya Krıma 700 nəfərlik xüsusi təyinatlılar qrupu göndərib. APA-nın “UNİAN” agentliyinə istinadən verdiyi məlumat görə, bu barədə Sevastopoldakı hərbi mənbə bildirib.
Mənbənin sözlərinə görə, Rusiya Qara Dəniz Donanmasının “Nikolay Filçenkov” desant gəmisi 700 xüsusi təyinatlını dünən axşam saatlarında Rusiyanın Sevastopoldakı hərbi-dəniz bazasına çatdırıb.
Ukraynanın müdafiə naziri vəzifəsini icra edən admiral İqor Tenyux isə Ukrayna hökumətinin iclasında bildirib ki, Rusiya Krıma artıq 6 min hərbçi yeridib. “Reuters”-in xəbərinə görə, nazir qeyd edib ki, bununla əlaqədar Ukrayna ordusunun Krımdakı hərbi birləşmələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
İ. Tenyux həmçinin Krım ərazisində Rusiyaya məxsus 30-dək “BTR-80”-nin yerinin dəyişdirildiyini, rusiyalı hərbçilərin inzibati binaları və hərbi hissələri mühasirəyə aldığını deyib.
Qeyd edək ki, fevralın 28-də Krım Muxtar Respublikanın Nazirlər Şurasının sədri Sergey Aksyonov Krımda sülhün təmin edilməsinə kömək üçün Rusiya prezidenti V. Putinə müraciət edib. O bildirib ki, Muxtar Respublikada qeyri-müəyyən silahlı bölmələr yerləşdirilib, güc strukturları isə vəziyyəti effektiv şəkildə nəzarətdə saxlamağı bacarmır.
Rusiya Prezidentinin Administrasiyasında isə deyiblər ki, Krım baş nazirinin müraciəti diqqətsiz qalmayacaq.
Qaynar.info
Şərhlər