Ekonomiks 15:47 03.03.2014

Rusiya maliyyə bazarlarında böhran: rubl sürətlə ucuzlaşır

Rusiya Federasiya Şurasının prezident Vladimir Putinin müraciəti əsasında Ukraynaya hərbi müdaxilə haqda qərarından sonra bu ölkənin valyuta bazarında rublun dollar və avro qarşısında kursu dramatik şəkildə aşağı düşüb. 

APA-nın “newsru.com” xəbər portalına istinadən verdiyi məlumata görə, bu gün səhər Moskva birjasında 1 dollar 37 rubl, 1 avro isə 50,7 rubla yüksəlib. Martın 2-də bəzi banklar dolları 40 rubla satıblar. Martın 1-də dolları 36,9 rubla, avronu 50,7 rubla satan “Sberbank” bir gün sonra dolları 38,5 rubldan, avronu isə 53,5 rubldan satmağa başlayıb. 

Valyuta bazarında sabitlik yaratmaq üçün Rusiya Federasiyası Mərkəzi Bankı xarici valyutaya olan tələbatı azaltmaq məqsədilə bazara külli miqdarda valyuta çıxarıb. İqtisadi təhlilçilər ilk saatlarda satışa çıxarılan xarici valyutanın həcminin bütün tarix boyu ən yüksək həddə olduğunu açıqlayıblar. Bunun nəticəsində lokal sabitlik yaratmaq mümkün olub. Mərkəzi Bankın həyata keçirdiyi valyuta intervensiyasının konkret həcmi açıqlanmayıb.

Martın 3-də yarım saat ərzində Rusiya fond birjasında MMVB indeksi 7%, RTS indeksi 8%, bir sıra iri şirkətlərin səhmlərinin qiyməti təxminən 10%, konkret olaraq “Qazprom”un səhmlərinin dəyəri 11% aşağı düşüb.  

Rusiya iqtisadçıları vəziyyətin bu cür davam edəcəyi və Krımda müharibə başlayacağı təqdirdə Rusiya maliyyə bazarında çöküş (“obval”) riskini proqnozlaşdırırlar. Müstəqil investor Mixail Zak bildirib ki, baş verənlərə bazarların reaksiyası kifayət qədər güclü olacaq. Belə ki, Ukrayna böhranı artıq xarici siyasət müstəvisinə də keçib: “Beynəlxalq sərmayəçilərin istər Qərb, istərsə də Rusiya maliyyə bazarlarında Rusiya aktivlərinin məcburi satışlarına başlaması üçün əsas yaranacaq”.

“Thrid Rome” (Tretiy Rim) beynəlxalq şirkətlər qrupunun idarəedici tərəfdaşı Andrey Movçan qeyd edib ki, bu gün sülh şəraitində yaşayan bir ölkə sabah mühasirəyə başlayırsa, kəskin neqativ reaksiya qaçılmazdır: “İnvestorlar praqmatikdir və anlayırlar ki, istənilən müharibə əlavə xərc və inflyasiya deməkdir”.

İqtisadçı Sergey Aleksaşenko deyib ki, müharibə təhlükəsinin qısamüddətli effekti valyuta bazarında rublun çöküşü, MMVB və RTC indekslərinin aşağı düşməsi olacaq. Uzunmüddətli perspektivdə isə Rusiya ilə əlaqəli siyasi risklər kəskin şəkildə artacaq və ölkənin xarici sərmayəçilər üçün cəlbediciliyi ciddi şəkildə azalacaq: “Aydındır ki, Rusiya kapitalı ölkədən qaçmağa, Rusiyadakı xarici kapital isə böyük həcmdə geri dönməyə başlayacaq, rubl yaxın aylarda kifayət qədər sürətlə ucuzlaşmağa davam edəcək”.  

Rusiya Sənayeçilər və İş Adamları İttifaqının vitse-prezidenti İqor Yurgens bəyan edib ki, Rusiyanın dollar və avro ilə borclanan neft, qaz və metallurgiya şirkətləri artıq böhranı hiss edirlər: “Hazırda bütün iri Rusiya şirkətləri risk altındadır. Bu münaqişənin sülh yolu ilə həllini tapmasaq, bizim Krıma real hərbi müdaxiləmizə görə tətbiq olunacaq iqtisadi sanksiyalar ağır olacaq”.   

Artıq Rusiyadakı ticarət şəbəkələri təchizatçılardan qida məhsullarının topdansatış qiymətlərinin yüksəldiyi haqda xəbərdarlıq almağa başlayıblar. Yay aylarında şəkər və kartofun qiymətinin 10%-dən çox yüksəlməsi proqnozlaşdırılır.

ABŞ prezidenti Barak Obamanın administrasiyasında isə Rusiyaya “iqtisadi hücum” planlaşdırılır. “The Daily Beast” analitik-informasiya saytı Amerika administrasiyasındakı adının çəkilməsini istəməyən mənbəyə istinadən xəbər verir ki, Rusiyanın yüksək vəzifəli siyasi və hərbi liderləri, iş adamları və Ukraynadakı rusdilli separatçılar sanksiyaya məruz qala bilər. Hazırda Ağ Evin, ABŞ Dövlət Departamentinin və Maliyyə Nazirliyinin ekspertləri Rusiyaya qarşı sanksiyaların hazırlanması ilə məşğuldur. “Biz Rusiya Federasiyası ilə bütün iqtisadi və ticarət əməkdaşlığımızı yenidən nəzərdən keçirməyə başlayırıq”, - deyə mənbə bildirib. Onun fikrincə, Vladimir Putin XIX-XX əsrlərin ruhuna uyğun qərarlar qəbul edir və ona izah etmək lazımdır ki, o, XXI əsrdə - iqtisadi planda bir-birindən asılı olan dünyada yaşayır. Bu həftə ABŞ Konqresi də prezident Obamaya Rusiyaya qarşı sanksiyaların tətbiqini təklif edəcək. Artıq senator Con Makkeyn “Maqnitsk Aktı”nın genişləndirilməsini təklif edib. Administrasiya sanksiyaların effektini yüksəltmək üçün atılacaq addımları Avropa Birliyi ilə razılaşdırmaq istəyir. 2008-ci ildə Gürcüstandakı böhrana ABŞ-ın reaksiyasını xatırladan amerikalı mənbə “Ukraynada biz yəqin ki, Gürcüstan məsələsində olduğundan daha irəli gedəcəyik”, - deyə söyləyib. 

Qaynar.info