Xəbər lenti

Siyasət 15:16 18.04.2024

Rusiya Qarabağdan niyə çıxır? - Risklər, çıxış yolları...

"Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etmələri yaranmış geosiyasi vəziyyətlə bağlıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı deyib.

Elçin Şıxlı bildirib ki, artıq Rusiya sülhmıramlılarının Qarabağda qalmasıın heç bir önəmi qalmayıb:

"Digər tərəfdən, Azərbaycan Ermənistan kimi Rusiya ilə ikili oyun oynamır. Bakı Moskva ilə normal, sabit və balanslı münasibəti qoruyub saxlayır. Ermənistan isə Rusiyaya arxasını çevirib. Bu isə Rusiya üçün həm də bir görkdür".

Ekspert vurğulayıb ki, Azərbaycan postsovet məkanında ərazisində başqa dövlətin hərbi qüvvəsinin olmadığı yeganə ölkədir:

"Azərbaycan Konstitusiyasında da ölkə ərazisində xarici hərbi qüvvələrin yerləşdirilməsi qadağan edilir. Bakı bununla həmçinin hamıya göstərdi ki, heç də Rusiyameyilli deyil. Azərbaycan ancaq öz maraqlarına uyğun siyasət yürüdür və heç kimdən asılı olmaq fikrində deyil. Milli maraq və milli təhlükəsizlik ölkəmiz üçün hər şeydən irəlidədir". 
 


Həmsöhbətimiz qeyd edib ki, Qarabağdan rus sülhməramlılarının vaxtından əvvəl çıxarılması müqabilində Moskva Azərbaycandan çox şey istəyə bilər, amma Bakı öz maraqlarına zidd olan heç bir şərti qəbul etməyəcək:

"Burada tapmaca axtarmağa ehtiyac yoxdur. Moskva da görür ki, Bakı Rusiya ilə normal münasibətlər saxlayır və bu ölkəyə arxasını çevirmir. Bu əsasda Rusiyanın da könlündən çox şey keçə bilər. Amma fakt odur ki, Azərbaycan rus sülhməramlılarını sakit formada çıxarmağa nail oldu".

Siyasi icmalçı Azər Rəşidoğlu isə Qaynarinfo-ya bildirib ki, belə xəbərə insanların sevinci anlaşılandır. Çünki ictimai rəy 44 günlük savaşa kölgə sala biləcək bütün amillərin aradan qalxmasını arzulayır:

"Lakin siyasi təhlilçinin məqsədi görünməyən tərəflərə işıq salmaqdan ibarətdir. Siyasi analitik emosional düşünə bilməz. İndi hər kəsi düşündürən başlıca sual odur ki, Rusiya sülhməramlılarını bu addımı atmağa vadar edən amil nədir və bizi hansısa bir təhlükə gözləyə bilərmi? Belə düşünməyə əsas da var. Rusiya tarix boyu heç bir coğrafiyanı könüllü tərk etməyib. Zənnimcə, prosesə bütöv baxmalıyıq. Gürcüstanda parlamentin "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbul edilməsinə qarşı kütləvi etiraz aksiyaları davam edir. Qanuna əsasən, qeyri-kommersiya hüquqi şəxsləri və KİV-in gəlirlərinin 20 faizindən çoxu xaricdən gələrsə, onlar "xarici təsirli agent" statusu alacaqlar. Bu şəxslərdən qeydiyyatdan keçmələri tələb olunur, əks halda isə onları cərimə gözləyəcək. Bununla yanaşı, Ədliyyə Nazirliyi həmin şəxslərlə bağlı araşdırma başlada bilər. Belə bir təşəbbüsün qəbul edilməsi Gürcüstanın Avropa İttifaqına yolunu bağlayır. Bu qanuna əsasən "xarici agent" statusu nəinki KİV və qeyri-hökumət təşkilatları, eləcə də digər hüquqi və fiziki şəxslər üçün də nəzərdə tutulub".
 


Azər Rəşidoğlu bildirib ki, ikinci bir nüansa diqqət yetirmək lazım gəlir:

"Ukrayna savaşı fonunda Qara dənizə çıxışı zəifləyən Rusiya donanması üçün daha təhlükəsiz liman axtarır və Abxaziyanın Oçamçira limanında daimi hərbi-dəniz bazası yaratmağı planlaşdırır. Bu isə o anlama gəlir ki, Moskva Cənubi Qafqazı tərk etmək fikrində deyil. Bəs, onda niyə Azərbaycanı sakitcə tərk edir? Düşünürəm ki, hədəfdə Qərbyönümlü siyasi kurs yürüdən Nikol Paşinyanın devrilməsi və onun Kremlin vassalı ilə əvəz edilməsi planı durur. Əgər Paşinyanı Kremlin nəzarətində olan sima əvəzləyərsə, o, məğlubiyyəti "xəyənatkar Paşinyan"ın üzərinə yıxacaq və Qərblə danışıqları donduracaq. Bu, baş verərsə, Kremlin uduşu aydındır - Qərb Ermənistanda möhkəmlənə bilməyəcək. Yeni hakimiyyət sülh danışıqlarından çıxdığını bəyan edəcək. Bu isə Kremlin əsas uğuru ola bilər - Qərbin təklif etdiyi sülh danışıqları sıradan çıxır və qeyri-müəyyən müddətə qədər sülh danışıqları dondurulur. Yeni hakimiyyət hədiyyə olaraq erməni əhalisinin Qarabağa qayıdışı qarantiyasını alır, lakin bu prosses də uzanır və Bakının maraqları nəzərə alınır". 
 
Ekspert bildirib ki, Qərb Paşinyanın devrilməsi məsələsinə müdaxilə edə bilməyəcək:

"Ermənistan ordusu, kəşfiyyatı, iqtisadiyyatı onsuz da rusların nəzarətindədir. Kreml bu müstəvidə Qərbdən bir addım öndədir. Şübhəsiz ki, Rusiya və İrəvan Qarabağın idarəçiliyində iştirak etmək istəyəcək, lakin Bakının müqaviməti ilə üzləşdiyinə görə bu məsələ də dondurulacaq. İkinci variant ondan ibarətdir ki, Rusiya Azərbaycanın Zəngəzur dəhlizinə nəzarəti əlinə götürməsinə şərait yarada bilər, bu dəhlizin itirilməsi ilə Paşinyan hakimiyyətdə qala bilməyəcək, Kreml isə bu dəhlizlə daşınan yüklərə nəzarət əldə etmək istəyir".

Azər Rəşidoğlu vurğulayıb ki, yaranmış vəziyyətdə çıxış yolu NATO üzvü olan Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsidir:

"Düzdür, Azərbaycan Konstitusiyası ölkə ərazisində xarici ölkə hərbi bazalarının qurulmasını qadağan edir. Lakin istək olandan sonra bunun hüquqi yolunu tapmaq elə də çətin olmayacaq. Bu məsələsə yubanmaq olmaz. Türkiyədəki son seçkilərin nəticələri də təcili addımlar atılmasını zəruri edir. Nə qədər ki, Ankaranın diplomatiyasında dəyişiklik olmayıb, buna nail olmaq lazımdır. Bu addımla İrəvanın sərhədə Fransa hərbçilərini gətirmək arzusunun qarşısını almaq mümkündür. NATO üzvü olan Türkiyənin Azərbaycanda hərbi mövcudluğu Qərbi də razı sala bilər. Lakin Rusiya buna seyrçi qalacaqmı? Burada bir məsələyə də diqqət edək. Putinin Ankaraya gözlənilən səfəri uzun müddətdir ki, baş tutmur. Görünür, Putin bilir ki, Türkiyədən istədiyini ala bilməyəcək. Sülhməramlıların gedişi ilə isə ən azından bu məsələ müzakirə edilə bilər. Rusiyanın sansksiyalardan yayınması üçün Türkiyə ilə əməkdaşlığı mühümdür. Odur ki, siyasi auksionda Azərbaycanla yanaşı Ankara da iştirak edə bilər. Ən əsası bu məsələdə Londonun tutduğu mövqedir. London isə Bakıya dəstək verir. Onu da unutmayaq ki, qarşıdan ABŞ və Çin qarşıdurması gəlir. Bu qarşıdurmada Rusiya və ABŞ Çinə qarşı bir sırada ola bilər". 

Azər Rəşidoğlu onu da bildirib ki, Paşinyan Qazaxın ən azı 4 kəndinin təhvil verilməsi ilə razılaşıb:

"Qərbin istəyi də budur. Lakin həmin kəndlərin əhalisi və reavanşist qüvvələr bu təklifi "nizə ilə" qarşılayırlar. Bu kəndlər də azad edilərsə, Kreml Paşinyanın devrilməsi planında özünə elektorat toplaya bilər".

Qeyd edək ki, Rusiya sülhməramlıları Qarabağı tərk etməyə başlayıb. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib:

"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->