Ölkə 15:31 12.01.2018

Rusiya XİN-dən ABŞ-ın Azərbaycanı terror riski olan ölkələr qrupuna salmasına münasibət

"Azərbaycan həm idman, həm də mədəniyyət sahəsində bir çox beynəlxalq tədbirləri çox uğurla keçirib".

Qaynarinfo report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirərkən deyib.

"Müxtəlif kütləvi tədbirləri, o cümlədən idman tədbirlərini uğurla keçirən ölkələr, nədənsə, Dövlət Departamentində qıcıq yaradır. Bu hesabatları yazan insanlar, görünür, heç vaxt Bakıda olmayıblar. Özüm şəxsən dəfələrlə Bakıda olmuşam və hər dəfə ora məmnuniyyətlə gedirəm. Bakının tarixi mərkəzi - görməli yerləri, muzeyləri, parkları tamamilə təhlükəsizdir və turistlər arasında böyük marağa malikdir. Deyilənlər, sadəcə, cəfəngiyyatdır", - M.Zaxarova bildirib.

Qeyd edək ki, dünən ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Bu sistemi yaratmaqda məqsəd ABŞ vətəndaşlarının ölkə xaricində müdafiəsini gücləndirməkdir. Azərbaycan amerikalı turistlərin təhlükəsizliyi baxımından risk olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.