Fevralın 11-də Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olan Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlunun kriminal aləmlə əlaqəli olması barədə mediada yayılan xəbərlər təkzib edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Musavat.com-a mərhumun yaxın qohumu məlumat verib.

Qarabağ Azadlıq Təşkilatının sədrinin müavini, keçmiş döyüşçü İlqar Əli bildirib ki, faciəli şəkildə həlak olan N.Qəhrəmanov onun əmisinin nəvəsidir:

"Mətbuatda yayılıb ki, o, kriminal aləmin üzvüdür. Lakin əminliklə deyirəm ki, Namiqin kriminal alımlə heç bir əlaqəsi olmayıb. Ümumiyyətlə, bu sahəyə yaxın olmayan adam idi. Özü də Namiq Qarabağ döyüşçüsüdür. 4 il – 1992-96-cı illərdə orduda olub, Qarabağ uğrunda can qoyub. Tərtər, Ağdam, Füzuli istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Özü də artilleriya bölüyündə xidmət edirdi”.

İlqar Əlinin sözlərinə görə, N.Qəhrəmanov 10 ildən çox imiş ki, Rusiyada yaşayırmış: "Düzdür, bir neçə il əvvəl Rusiyadakı azərbaycanlıların kütləvi deportasiyası zamanı o da bura qayıtmışdı. Ancaq 2 ildən çox idi ki, orada uşaq geyimlərinin biznesi ilə məşğul olurdu, Orsk şəhərində özünün fabriki var idi. Elə qəza günü də ora uçurmuş ki, işçilərin maaşını verib, qayıtsın”.

N.Qəhrəmanovun ailəsi Yevlaxda yaşayırmış. Yevlax şəhəri Qasım bəy Zakir 19 ünvanında yaşayan ailə hazırda Namiqin nəşinin gətiriləcəyini gözləyir.

İ.Əli qeyd edib ki, N.Qəhrəmanovgil ailədə 6 qardaş, 1 bacı olublar. Mərhum qardaşların kiçiyi imiş. Atası 10 il əvvəl rəhmətə gedib.

Mərhumun özündən sonra 2 oğlu, 1 qızı qalıb. Qızının 10 yaşı var, oğlanları isə 6 və 7 yaşlarındadır: "Namiq dayısı qızı ilə ailə qurmuşdu. Həyat yoldaşı atasını da cavan itirmişdi. İndi də gözüyaşlı qaldı”.

Sədr müavini əlavə edib ki, N.Qəhrəmanov ara-sıra vətənə gəlib, ailəsinə baş çəkib, geri qayıdırmış: "Axırıncı dəfə 2 ay bundan əvvəl Bakıda görüşdük. Rusiya səfirliyinə hansısa sənədə görə getmişdi, oturub çay içib, söhbət etdik. Rəhmətlik çox bacarıqlı oğlan idi”.