Dünya 16:09 13.04.2018

Rusiyadan ABŞ-a qarşı sərt həmlə gəlir

Rusiya Dövlət Dumasının üzvləri ABŞ-ın sanksiyalarına cavab olaraq Amerika məhsul və xidmətlərinin Rusiyaya idxal edilməsini qadağan edən və iqtisadi əlaqələrin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsini hazırlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, layihə önümüzdəki həftə parlamentin alt qanadında müzakirə olunacaq. Yeni qanun layihəsində ABŞ istehsalı proqram, kənd təsərrüfatı məhsulları və gübrə kimi malların, həmçinin tütün və spirtli içkilərin idxalının dayandırılması nəzərdə tutulur.

Rus deputatlar atom enerjisi, raket motorları və təyyarə emalı sahələrində də ABŞ ilə əməkdaşlığın dayandırılmasını təklif edib. Layihə həmçinin ABŞ şirkətlərinin Rusiyadakı layihələrə qatılmalarını da qadağan edir.

Rusiya bu addımları Ukraynanı işğal etməsindən bu yana Ağ evin tətbiq etdiyi ən sərt sanksiyalara cavab olaraq atacaq. Hazırda Rusiya ilə ABŞ münasibətləri Soyuq Müharibə illərindən bu yana ən gərgin dövrlərini yaşayır.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyaların əhatə dairəsini genişləndirən ABŞ rusiyalı bürokrat və biznesmenlərdən ibarət qara siyahıya sonradan 24 nəfərin və 14 qurumun da adını əlavə edib. Siyahıda Rusiya Təhlükəsizlik Şurasının Baş Katibi Nikolay Patruşevlə Qazpromun sədri Aleksey Millerin də adı var.

Rusiya ötən il ABŞ-dan 12,5 milyard dollar həcmində məhsul idxal edib.