Dünya 18:58 22.09.2019

Rusiyanın əlində şahzadəyə qarşı kompromat var?

Böyük Britaniyanın kəşfiyyat strukturlarının rəhbərləri Rusiyanın York hersoqu, şahzadə Endryuya qarşı kompromata malik olmasından şübhələnirlər. 

"The Times” qəzetinin yazdığına görə, bu, amerikalı pedofil milyarder, azyaşlı qızlara təcavüz etməkdə və onları başqalarına pulla satmaqda günahlandırılaraq həbs olunan, lakin təcridxanada müəmmalı şəkildə dünyasını dəyişən Ceffri Epşteyn işi ilə əlaqədardır.

Qəzetdə gedən yazıya görə, problem ABŞ-ın keçmiş zabitinin Rusiyaya keçməsindən yaranıb. Həmin zabitin isə məhz "Epşteyn işi”nin materiallarına çıxışı olub. Artıq məsələ Böyük Britaniyanın xarici kəşfiyyat xidməti sayılan "Mİ6” tərəfindən incələnir.

Con Duqan adlanan həmin polis zabiti Florida ştatının Palm-Biç dairəsi şerifinin (polis rəisi) müavini vəzifəsində çalışıb. Cinayət işi üzrə tərtib olunan materiallarda şahzadə Endryunun seksual təcavüz ittihamlarından qurtulmaq cəhdləri ilə bağlı dəlillər yer alıb.

Belə ki, Ceffri Epşteynə qarşı ittiham aktında Virciniya Jufre adlı qadın 17 yaşında olarkən amerikalı milyarderin Londondakı malikanəsində şahzadə tərəfindən zorlandığını deyib. York hersoqu bütün bu ittihamları qətiyyətlə rədd edir.

Xəbərlərdə Ceffri Epşteynin müştəriləri və dostları arasında Nyu-Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson və keçmiş senator Corc Mitçell kimi nüfuzlu şəxslərin də adları var.

Bundan başqa onun ABŞ-ın indiki prezidenti Donald Trampla da dostluğu bilinməkdədir.(musavat.com)