Dünya 01:27 14.02.2019

Rusiyaya qarşı sanksiya mövsümü başladı: nələr olacaq? (ŞƏRH)

"Rusiyaya qarşı sanksiya mövsümü açıldı". 

Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli yazıb.

Politoloq bildirib ki, AB Rusiyaya bir çox sahələrdə sanksiyalar tətbiq etməyə hazırlaşır: 



"ABŞ hökuməti Skripal məsələsinə görə sanksiyaların 2-ci mərhələsini bu günlərdə tətbiq edəcək. Senatda Rusiyanın dünyadakı demokratik institutlara müdaxiləsi və Ukraynaya qarşı təxribatları ilə əlaqədar bu ölkənin bank, enerji sektorlarına, borc kağızlarına, sıxılmış maye qazına (LNG), Vladimir Putinə yaxın şəxslərə sanksiyaların tətbiqinə dair yeni qanun layihəsi hazırlanıb. Layihənin həmmüəllifinin respublikaçıların ən nüfuzlu senatoru Lindsi Qrem olması onun qəbulu ehtimalını artırır. Elə buna görə, xəbər yayılan kimi, rubl dollar və avro qarşısında ucuzlaşdı. Bundan başqa, ABŞ və Avropa Birliyi ötən ilin noyabrında Kerç boğazında Rusiyanın Ukrayna gəmilərinə hücumu ilə əlaqədar əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır".

Şahin Cəfərli ABŞ dövlət katibi Mayk Pompeonun Polşadakı çıxışına da toxunub və bildirib ki, Ukrayna və Gürcüstan Vaşinqtondan daha güclü dəstək ala bilər: 

"Pompeo bildirib ki, Rusiyanın Ukrayna və Gürcüstana müdaxiləsi ABŞ-ın təhlükəsizliyi üçün də təhdid yaradır. Bu, ciddi bəyanatdır, çünki ilk dəfədir Ukrayna və Gürcüstanın məlum problemi yüksək vəzifəli amerikalı tərəfindən bu qədər net şəkildə ABŞ-ın öz təhlükəsizliyi ilə əlaqələndirilir. Bu, o deməkdir ki, Kiyev və Tiflis Vaşinqtonun daha güclü dəstəyinə ümid edə bilər. ABŞ-ın kiçik-orta mənzilli raketlərin ləğvi müqaviləsindən çıxması da Ukrayna və Gürcüstanın önəmini artırıb".